"Neftçi"də MALİYYƏ XAOSU - Mövsümün büdcəsi qurtardı!

"Neftçi"də MALİYYƏ XAOSU - Mövsümün büdcəsi qurtardı!

"Neftçi"də sular durulmaq bilmir.

Komandada son illər nə qədər dəyişikliklər olsa da, uğursuzluq zolağından çıxmağın yollarını tapa bilmirlər.

Son olaraq Samir Abasova xilaskar gözü ilə baxan "ağ-qaralar"ın qara günü ağarda bilmədiyi nəticələrdən də əyani görünür.

Premyer Liqada bu mövsüm 20 tura 3 qələbə qazanan "neftçilər" 18 xalla 7-ci sırada qərarlaşıblar.

Ümumiyyətlə, sponsor-pul üzünə həsrət qalan "Kəpəz"lə aralarında cəmi 4 xal fərq var!

Paytaxt təmsilçisi indi də maliyyə böhranı yaşayır.

Redaksiyamıza daxil olan informasiyaya görə, 2024-2025-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulan büdcə artıq qurtarıb.

Bildirilib ki, təxminən 25 milyon manat civarında mövsümlük vəsait yanvarın əvvəlinədək xərclənib.

Klubun maliyyəninin böyük hissəsini kompensasiyalara xərclədiyi və rəhbərliyin yeni vəsait üçün sponsora müraciət etdiyi deyilir.

Vəsaitin bir qismi də "Neftçi Arena"da aparılan yenidənqurma işlərinə sərf olunub.

Xatırladaq ki, "Neftçi" 2024-cü il iyunun 26-da Roman Qriqorçuku baş məşqçi postuna gətirib 3 aydan sonra - oktyabrın 7-də yola salmışdı.

Bakılılarla iki illik müqaviləyə qol çəkmiş ukraynalı mütəxəssis və köməkçiləri klubu hər halda elə-belə tərk etməyiblər, yüksək məbləğdə kompensasiya ilə yola salınıblar.

Həmçinin, yüksək ödənişli futbolçulardan Mark Tamaş və Kilan Lebonla müqavilələrə də vaxtından əvvəl xitam verilibsə, gedənlər, çox yəqin, təzminat alıblar.

Mediasport.az