"Qarabağ" rəsmisi Avropanın futbol funksionerlərini Bakıya toplayıb
Bakıda Avropa Klublar Birliyinin (ECA) hüquq, kommersiya və üzvlük departamentinin regional toplantısı keçirilib.
Mediasport.az xəbər verir ki, tədbir "Qarabağ"ın İdarə Heyətinin və ECA-nın İcraiyyə Komitəsinin üzvü Asif Əsgərovun təşəbbüsü ilə ölkəmizdə keçirilib.
Tədbirdə Azərbaycan Premyer Liqasının bütün komandalarının, Gürcüstanın klublarının nümayəndələri, həmçinin ECA-nın departamentinin rəhbərləri və baş müşaviri iştirak ediblər.
Görüşdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar quruma üzv olublar. Bunadək Azərbaycanın yalnız dörd klubu ECA-da təmsil olunsa da, Əsgərovun təklifi ilə digər Premyer Liqa təmsilçiləri də quruma qoşulublar. Bu, klublara qurumun xidmətlərindən istifadə etmək imkanı verəcək.
İclasda klublara bir sıra vacib məsələlərlə bağlı məlumatlar verilib. Burada düzgün müqavilə bağlama qaydaları, futbolçular sanksiyalarla üzləşərkən həyata keçirilməli olan hüquqi proseduralar, sponsor və tərəfdaşla anlaşma zamanı UEFA və digər ali qurumlar qarşısında öhdəliklər izah olunub. Tədbirdə 2024-27 tsiklində avrokubokların yeni formatı, ödəniləcək maliyyə vəsaitləri, həmçinin bu məsələlərlə bağlı klubların təmsilçisi olan ECA və UEFA arasında danışıqlar barədə məlumatlar verilib.