"Turnir cədvəlindəki mövqeyimiz rəqiblərin bizə qarşı ciddi hazırlaşmasına əsas verir"
"Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli Mediasport.az saytına mini-müsahibə verib.
Son tur "Neftçi"yə məğlub olduz. Bu haqda nə deyə bilərsən?
- Maraqlı oyun keçdi. Oyuna ciddi hazırlaşan "Neftçi" ilə qarşılaşacağımızı bilirdik. Əfsuslar olsun ki, yaxşı oynamağımıza baxmayaraq, məğlub olduq.
Komandanın son turlardakı xal itkiləri nə ilə bağlıdır?
- Çempionat gərgin keçir. Bütün komandalar bir-birindən xal ala bilirlər. Buna görə xal itkilərimizin olması normaldır.
Qış fasiləsinə 3 oyun qalıb. Minimum hədəfiniz nədir?
- Son 3 oyunumuza yalnız qələbə qazanmaq üçün çıxacağıq. Məqsədimiz maksimum nəticə əldə etməkdir.
Səncə, "Zirə"nin turnir cədvəlinin liderlər qrupunda yerini mövsümün sonuna qədər qoruyub saxlamağa gücünüz çatacaq?
- Bunun üçün çalışacağıq. Turnir cədvəlindəki mövqeyimiz rəqiblərin bizə qarşı ciddi hazırlaşmasına əsas verir. Mümkün qədər ilk pillələrdə yer tutmağı hədəfləmişik.
Zədədən yeni qayıtmısan, formanın tam bərpası üçün nə qədər vaxt lazımdır?
- Bəli, zədələrim oldu. Formamın tez bərpası üçün əlimdən gələni edirəm. Çalışıram ki, komandama fayda verim. Bundan sonra daha çox xeyirli olacağımı düşünürəm.
Növbəti oyununuz "Araz Naxçıvan"a qarşıdır. Nə gözləyirsən bu matçdan?
- Digər komandalar kimi, bu rəqimizə də ciddi yanaşırıq. Gərgin oyun keçəcəyini bilirik. Yaxşı nəticə üçün əlimizdən gələn hər şeyi edəcəyik.