Elvin Cəfərquliyevdən 2024-cü ildə dünya üzrə "unikal nailiyyət"

Elvin Cəfərquliyevdən 2024-cü ildə dünya üzrə "unikal nailiyyət"

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçuların siyahısını açıqlayıb.

Mediasport.az xəbər verir ki, il ərzində üç futbolçunun hərəyə 4 dəfə meydandan qovulması faktı qeydə alınıb.

Onlardan biri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevdir. Müdfiəçi UEFA Avropa Liqasının “Braqa”, “Bayer”, “Ayaks”, Misli Premyer Liqasının “Araz-Naxçıvan”la görüşlərində qırmızı vərəqə alıb.

İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı almasını “unikal nailiyyət” kimi dəyərləndirib.

Azərbaycan çempionu 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub. Oktyabrın 24-də “poker”i rəsmiləşən Cəfərquliyevə digər iki futbolçu noyabr və dekabrda çatıb.

Elvinin şərikləri isə braziliyalılardır. Joao Viktor “Vasko de Qama”, Alan Raşel “Yuventud”da fərqlənib. Hər iki oyunçu 4 qırmızı vərəqə alıb.

Qeyd edək ki, meydandan 4 dəfə qovulanlar arasında ən az oyun keçirən Viktordur. O, 37 qarşılaşmada, Raşel 48, Elvin isə 53 matçda bu qədər cəza alıb.