Bu şirkət ləğv edildi, Azərbaycan stadionunun aqibəti necə olacaq?
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Korporasiyanın aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
- “Azərbaycan alüminiumu” ASC;
- “Azəralüminium” MMC;
- “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC.
Nazirlər Kabineti Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməli, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etməlidir.
Qeyd edək ki, paytaxtın Nizami rayonunun Heydər Əliyev prospektində yerləşən keçmiş "Şəfa" və "İnter Arena" stadionu 2017-ci ildə Azərbaycan Beynəlxalq Bankından ASK-ın balansına keçmişdi.
Stadion 2018-ci ilin iyulun 20-dən “ASK Arena” adlandırılır.
Prezidentin bugünkü sərəncamını nəzərə alsaq, deməli, yaxınlarda arenaya başqa ad veriləcək, ya da...
Lakin bugünlərdə mətbuatda stadionun söküləcəyi ilə bağlı xəbərlər yayılsa da, rəsmilər məlumatı təkzib etmişdilər.
Mediasport.az