"Qarabağ"ın rəqibi Madrid "Real"ının baş məşqçisi olacaq
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi "Bayer”in (Leverkuzen) baş məşqçisi Şabi Alonso Madrid "Real"ını çalışdıracaq.
Mediasport.az xəbər verir ki, ispan mütəxəssis 2024/2025-ci illər mövsümündən etibarən keçmiş klubunun baş məşqçisi olacaq.
Hazırda "kral klubu"nun "sükan"ı arxasında əyləşən Karlo Ançelottinin 2024-cü ilin yayından Braziliya millisinə başçılıq edəcəyindən xəbəriniz var. Məşqçi axtarışlarını davam etdirən və bir neçə mütəxəssislə çalışmağı götür-qoy edən İspaniya nəhənginin prezidenti Florentino Peres üstünlüyü 2009-2014-cü illərdə "qalaktikos"da forma geyinmiş Alonsoya verib.
Tərəflər arasında şəxsi razılaşma əldə olunub.
Alonso "Real"da futbolçu kimi İspaniya çempionu, iki dəfə Kral Kubokunun, Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.
O, həm də İspaniya millisi ilə dünya və ikiqat Avropa çempionudur.
41 yaşlı Alonso "aspirinlər"ə ötən ildən rəhbərlik edir. Leverkuzen təmsilçisi cari Bundesliqada 5 turdan sonra "Bavariya" ilə eyni xala malik olsa da, münhenlilərdən şəxsi göstəricilərə görə geri qalaraq 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Almaniya klubunun Azərbaycan çempionu ilə duelləri oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda olacaq.