Rəşad Sadıqov: "Kiminsə məndən üzr istəməyini xoşlamıram" - VİDEO
Premyer Liqanın 9-cu turunun açılış oyununda "Şamaxı"nı məğlub edən (1:0) "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyun haqda fikirlərini bölüşüb.
MediaSport.az xəbər verir ki, mütəxəssis görüşün çətin keçdiyini deyib.
- Həftəboyu da futbolçulara deyirdim ki, rəqib son pillədə ola bilər, amma son turlarda göstərdiyi oyun və əzmkarlıq yaxşı idi. Bunu mütləq nəzərə almalıydıq. Futbolçularımızda da böyük diqqət, rəqibə böyük hörmət gördüm. İlk yarı bizim üçün ağır idi. Amma bir neçə qol vəziyyəti yaratdıq, istifadə edə bilmədik. İkinci yarı oyun daha da sürətləndi. Standart vəziyyətdən fərqləndik. Önəmli, vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu oyunu görmək istəyirdim. 90 dəqiqə stabil, dinamik oynayan komanda gördüm.
Anar Niftəliyev sizə qarşı rəqib məşqçi kimi çıxmışdı. Görüşdünüz onunla?
- Onunla görüşmək imkanımız olmadı. Cavidlə görüşəndə də fürstə olmadı. Anarla 19 yaşından birlikdə oynayırıq.
Təmkin Xəlilzadə və İlkin Muradov komandaya geri qaytarıldı. Bu barədə nə deyə bilərsiz?
- Müəyyən problemlər olur ki, detallı şəkildə ictimaiyyətə açıqlamaq olmur. Məsələ istəkli olmamaları idi. Üzr istəməyi, kiminsə məndən üzr istəməyini xoşlamıram. Burada vəziyyət fərqlidi. Onlar əvəzedici heyətdə istəkli məşq etdilər, "Qəbələ-2"yə qarşı həvəslə oynadılar deyə, geri qaytardım. Təmkinlə futbolçu kimi birlikdə oynamışıq. Yaxın və tanış futbolçulardı. Onları heç vaxt itirmək istəməzdim. Bu addımı atmağı lazım bildim. İndi də onları geri qaytarmağı özümə borc bildim. Bu fasilə onların gələcək karyerası üçün faydalı olacaq.
Sizə elə gəlmir ki, Çantakias çox danışır?
- Tamamilə doğrudu. Bu haqda onunla çox danışırıq. Bəzən faydası olur, bəzən olmur. Həyatda çox sakit biridi. Məşqlərdə heç kimlə konflikti olmur. Onu hamıdan çox istəyirlər. Oyun başlayanda dəliyə çevrilir. Daha səbirli olmalıdı.
Komandanın oyunundan və bugünkü nəticədən razı qaldız?
- Bəli. Məhz bu oyunumuzdan razı qaldım. Əvvəlki matçlarda bəzi oyun kəsikləri məni qane etmirdi. "Turan Tovuz"la 60-cı dəqiqədən sonrakı oyunumuz məni qane etməmişdi. Amma bu gün sona qədər oynadılar.
Keçənilki "Zirə" ilə builki komandanı müqayisə etsək...
- Düzgün deyil müqayisələr. "Şamaxı" əzmkar komandadı. Bundan əvvəlki turda da "Sabah"a qarşı necə mübarizə apardıqlarını gördük. Qol epizodları da var idi. Bu gün də qələbə qazanmaq imkanları var idi. Narahat idim ki, oyun çox ağır olacaq. "Şamaxı"da gənc məşqçilər toparlanıb. Cavid Hüseynova uğurlar arzulayılram. Təcrübəsi az olan futbolçularla çox yaxşı iş görürlər. Yeni eşelon məşqçilər var ki, onlardan biri də Cavid Hüseynov olacaq.
Demişdiz ki, İlkinlə Təmkinin transferindən gəlir əldə etmək istəyirsiz. Amma geri qaytadıız...
- Vicdanım daha rahat olur ki, oturub danışım və futbolçu da komandasını daha rahat dəyişsin. İlkinlə Təmkin fərqli vəziyyət idi. Mövsümə onlarla başlamışdıq. Əslində, qərarım o idi ki, başqa komandada çıxış etsinlər. Futbolçununu əvəzedici heyətə göndərməyi sevmirəm. Transferə çıxardıq, getdilər əvəzedici heyətdə həvəsli şəkildə çıxış etdilər. İndi onları komandaya qaytarmağı borc bildim. Təmkinlə İlkinin xidmətində maraqlı klublar var idi. Müəyyən danışıqlar oldu. İlkin dedi heç yerə getməyəcəm. Əsas komandaya qayıdacağına inanırdı.
Vaqif Paşayev sizinlə birlikdə oturmur. Səbəbi nədədir?
- Onu komandaya məsləhətçi, ağsaqqal kimi dəvət etmişdik. Amma müəyyən problemlər yaşayırdıq. Bu, kateqoriya ilə bağlı idi. Pandemiya dövrü idi, xəstələnirdik. Həmin vaxt ondan xahiş etdim ki, komandanın içində olsun və mən olmayanda əvəzləsin. Vəzifəsindədi. Məsləhət edirik, danışırıq onunla.
Yığmada ən çox oyun siz keçirmisiz. De Byazinin postunda saxlanılmasına münasibətiniz necədi?
- Baş məşqçi olmasaydım, rahatlıqla şərh verərdim. İndi aktiv məşqçiyəm və fikir bildirməyim düzgün çıxmaz. Suallardan qaçan deyiləm, həmişə səmimi və dürüst cavab verməyə çalışmışam. Belə qərar verilib. Maksimum çalışacağıq ki, ona dəstək olaq.
Turnir cədvəlindəki vəziyyətlə bağlı fikriniz necədi?
- "Sabah" əsas rəqibləri üzərində qələbələr qazanıb. Hər dövrəyə 16-18 xal yaxşı nəticədi. Müəyyən oyunlar oldu ki, mübarizədən qopduq. Turnir cədvəlinə baxdıqda, üçlükdəkilər favoritdi. Çox istəyərəm ki, komandam avrokuboklardan kənarda qalmasın. Bundan ötrü sona qədər mübarizə aparacağıq. Hər komandanın enişi və yüksəlişi olacaq. Bu iki oyun kritik idi. 1:7 uduzmuşduq, komandanın toparlanıb əzmkar rəqibləri üzərində qələbə qazanması vacib idi. "Sabah"a qarşı səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə ilə qayıdaq.
Cəlal Hüseynov barədə nə deyə bilərsiz?
- Qərarı Cəlalın özünə buraxmışdım. O, getdikdən sonra mərkəz müdafiəçisi transfet etdik. Getməsəydi, etməzdik. Qərarını da dəstəklədim. Bu gün yaxşı oynadı. Heç kim zəmanət verə bilməz ki, "Şamaxı" sonuncu olacaq. İnanıram ki, daha yuxarı pillələr uğrunda mübarizə aparacaqlar. Cəlala da uğurlar arzulayıram. İnanıram ki, komandamıza döndükdə, daha yaxşı vəziyyətdə olacaq.
Qara Qarayev milliyə dəvət almayanda düşündüz ki, özləri bilər, yoxsa təəccübləndiz?
- Qara elə futbolçudu ki, "özləri bilər" deyə bilməzsən. Onun "Nant"a qarşı möhtəşəm oyunu var idi. Qələbədə əsas pay sahibi idi. Qaranı siyahıda görməyəndə təəccübləndim. Əsas heyətdə olmaya bilər. Amma siyahıda olmaması mənə ağır gəldi. Son illərdə futbolumuzun qazandığı 4-5 oyunçu var ki, 11-12 il yüksək səviyyədə oynayıb, böyük nəticələr verir.
Özünüz də belə halı yaşamısız..
- Bir dəfə məndə də olub. Qaradakı tam fərqlidi. O dönəmdə mən Qara qədər formada deyildim. Uğurlu karyeram yox idi. Qara "Qarabağ"ın aparıcı oyunçusudu. De Byazi təcrübəlidi, əminəm ki, konflikti çözəcək. Ona millinin və milli üzvlərinin ehtiyacı var.
Maksim Medvedev millidən getməlidir?
- Maksim 1-2 il, bir neçə tsikl komandaya kömək edə bilər. Zədələnib, oyunlardan kənar qalıb. Buna qədər yüksək performans göstərirdi. Millidə də yaxşı oyunlar göstərib. Bütün matçları 90 dəqiqə oynamaya da bilər. Bu gün futbolumuzda Ruslan Abışov, Qara və Maksim kimiləri çox deyil. Komandanın içində "canavar" kimi futbolçular olamlıdı. İstəyir meydanda, istəyir meydanda kənarda.
Maksim Medvedevin De Byazi haqda açıqlamasından sonra onun yığmaya qapısı bağlana bilər?
- Maksim və Qara heç vaxt danışan deyil. Məşqçi ilə konfliktlərini görməmişəm. Qurban Qurbanovun rəhbərliyi altında oynamaq asan deyil. Amma heç vaxt konflikt olmayıb. Məsələnin kökünə getmək lazımdı. İki tərəfi dinləmədən hökm vermək bizə yaraşmaz. İstəyərəm ki, tezliklə problem çözülsün. Hər ikisi önəmli şəxsiyyət və futbolçulardı.