Ayxan Abbasov: "Bundan sonra belə oyunlar təkrarlanmayacaq"
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində evdə "Səbail"ə məğlub olub.
Mediasport.az xəbər verir ki, qərb klubunun baş məşqçisi Ayxan Abbasov 1:3 hesablı yenilgi haqqında fikirlərini bildirib.
Gənc mütəxəssis deyib ki, erkən qol planlarını pozub:
"İlk olaraq Şəhriyar Rəhimova Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Həqiqətən böyük itkidir. Oyunu ilə, xarakteri ilə futbolumuzda iz qoymuşdu. Oyuna gəldikdə, ilk dəqiqələrdən qol buraxmağımız demək olar ki, bütün oyunumuzu korladı. Futbolçular tələsməyə başladı. İnanıram ki, bu bizim ən zəif oyunumuz olacaq. Bundan sonra belə oyunlar təkrarlanmayacaq. Çempionatın əvvəlidir, yeni futbolçularımız var. Hiss olunur ki, vaxt lazımdır. Mübarizəmizi davam etdirəcəyik. Komandamın potensialına inanıram. Gələn oyunlarda daha yaxşı çıxış edəcəyik".