"Avrokuboklara layiq olduğumuzu göstərdik" - "Sabah"ın qəhrəmanı

"Avrokuboklara layiq olduğumuzu göstərdik" - "Sabah"ın qəhrəmanı

"Neftçi" ilə son tur qarşılaşmasında komandasının qələbə topunu vuraraq "Sabah"ı avrokuboklara daşıyan Namiq Ələskərov matçın ardından Mediasport.az saytının suallarını cavablandırıb.


Hər iki komanda üçün çox vacib görüş haqda nə deyə bilərsən?

- Çox çətin oyun keçdi. “Neftçi” ilə matçda qlaib gəlməyi çox istəyirdik. Oyuna da olduqca yaxşı hazırlaşmışdıq. Son matçlarda çox əziyyət çəkdik. Əsas odur ki, bunu bəhrəsini gördük, əziyyətimiz yerdə qalmadı. Məqsədimiz ya Avropa Liqası, ya da Konfrans Liqasından birinə yollanmaq idi. Şükür Allaha, buna nail olduq, avrokuboklara vəsiqə qazandıq.

“Sabah” mövsümün gedişində turnir cədvəlində çox aşağı pillələrə düşmüşdü. Krunoslav Renduliç gəldikdən sonra avrokuboklara vəsiqə qazanmağınıza inanırdız? Yaxud xorvatiyalı məşqçi nəyi dəyişdi?

- Bu barədə nəsə demək istəmirəm. Hər məşqçinin öz iş metodu var. Renduliç də gəldikdən sonra nəticələr daha yaxşı olmağa başladı, ardıcıl qələbələr qazanmaqla xallarımı sayını çoxaltdıq. Bu da son tura qədər bizim avrokuboklara yollanmaq ümidimizi saxlamağa şərait yaratdı. “Neftçi” ilə matçda da ora layiq olduğumuzu göstərdik.

“Neftçi”dən ayrıldıqdan sonra uzun zamandır qeyri-sabit çıxış edirsən, bunun səbəbi nədir?

- “Sabah”a gəldikdən sonra çox zədələrlə üzləşdim. Bu da özümü göstərməyə mane oldu. Formamı bərpa etməyə çalışırdım, yenidən zədələnirdim. 4-5 oyundur ki, qayıtmışam. Yavaş-yavaş qayıdırdım, istəyirdim komandama köməyim dəysin. Şükür Allaha, “Neftçi” ilə oyunda komandama az da olsa, köməyim dəydi.

Həlledici görüşdə qolu məhz sən vurdun, öz də keçmiş klubuna, "Neftçi"nin meydanında...

- Mənim və ya başqasının vurması o qədər də önəmli deyil. Həmişə demişəm ki, “Neftçi”də çox gözəl illər keçirmişəm. “Neftçi” ilə heç bir prinsipim yoxdur. “Sabah”a gəldikdən sonra da, açığı, komandaya çox xeyir verə bilməmişdim. Zədələr mənə mane olurdu. Bu oyunda istəyim çox idi ki, “Sabah”a xeyir verim, avrokuboklara yollanmaq üçün nəsə edə bilim. Əsas məqsədim bu idi. Buna nail olduq, çox şükür.

Səncə, keçənilki uğuru bu heyətlə təkrarlamaq olar, yoxsa güclənmək lazımdır?

-  Bu barədə mən heç nə deyə bilmərəm. Rəhbərliyin, məşqçilər korpusunun qərarıdır. Hansı heyət olsa belə, biz qarşımıza çıxacaq rəqiblə əlimizdən gələn mübarizəni göstərəcəyik. Ötənilki avrokubok macəramızı təkrarlamaq istərdik.

Son dəqiqələrdə insident yaşandı, baş hakim də matça 9 dəqiqə artırdı. Son 9 dəqiqədə hansı hissləri keçirirdiz?

- Bunlar normal bir şeylərdir, qarşılaşma kifayət qədər vacib, intriqalı matç idi. Futbolda belə şeylər normaldır. Belə vacib oyunlarda insidet olur, futbolun bir hissəsidir, maraq qatır. Düzdür, kiminsə kimisə vurmağı düzgün deyil. Sadəcə, xırda mübahisələr futbolda həmişə olur. Son dəqiqələrdə var gücümüzü qoyub qol buraxmamağa çalışırdıq. 9 nəfərlə oynamaq çox çətindir.

Elvin