"Sabah"ın yay planı məlumdur
Mövsümü gümüş medallarla başa vuraraq tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sabah” futbol klubunun yay hazırlıq planı məlum olub.
mediasport.az xəbər verir ki, Bakı klubu 2023/2024 mövsümünün hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq.
Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Premyer Liqanın gümüş mükafatçısı həmin tarixdə Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq.
Masazır təmsilçisi iyulun 6-da isə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Adıçəkilən ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də yekunlaşacaq.
Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Sabah” 2023/2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.