Saxtakarlıq etdiyi deyilən Azərbaycan klubundan BƏYANAT
Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan Göygöl rayonunun eyniadlı komandası çempionatın 5-ci turunda saxtakarlığa yol verərək başqa klubun futbolçusunu oynatması ilə bağlı yayılan iddialara cavab verib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi bununla bağlı bəyanat yayıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
Göygöl Futbol Klubunun saxtakarlığa yol verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Adı çəkilən futbolçu Fərid Məmmədovun Şəmkir FK ilə olan müqaviləsinə 20 sentyabr 2023-cü ildə xitam verilib. Qeyd edək ki, 28 sentyabr 2023-cü il tarixindən 1 iyul 2024-cü il tarixinədək futbolçunun Göygöl FK-da oynaması üçün həvəskar futbolçu müqaviləsi imzalanıb. Müqavilə imzalanan tarixdən etibarən futbolçu ilk matçına çıxaraq qola imza atıb.
Bildirmək istəyirik ki, ehtiyac olduğu təqdirdə oyunçu ilə bağlanan müqavilənin təfərrüatları ictimaiyyətə təqdim olunacaq.