Sərbəst güləşçilərimiz Bəhreyndə bütün rəqiblərini geridə qoydular

 Sərbəst güləşçilərimiz Bəhreyndə bütün rəqiblərini geridə qoydular

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında güləş yarışlarına start verilib.

Mediasport.az xəbər verir ki, yarışa başlayan Azərbaycanın sərbəst güləşçiləri uğurlu çıxış ediblər.

Milli komandamız böyük məşqçi Əsgərxan Novruzovla məşqçi Yaşar Əliyevin rəhbərliyi altında 11 güləşçi ilə təmsil olunub və bütün idmançılarımız medal əldə edib.

Hüseyn Hüseynovla (55 kq) Həsən Həsənov (60 kq) çempion olub.

Fərhad Süleymanlı (92 kq) gümüş medal qazanıb.

Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kq), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.

Millimiz 11 medalla (2 qızıl, 1 gümüş, 8 bürünc) bu göstəricidə bütün komandaları qabaqlayıb.