Menecer-prezident cibini düşünür - "Sumqayıt" isə xaos içindədir

Menecer-prezident cibini düşünür - "Sumqayıt" isə xaos içindədir

Yeni mövsümə heyətinin 80 faizini dəyişməklə başlayan "Sumqayıt"dan fərqli çıxışlar gözlənilirdi. Əslində, Samir Abasovun baş məşqçisi olduğu komanda ilk turlarda buna ümid də verirdi.

Premyer Liqaya ardıcıl qələbələrlə start verən, hər iki səfər görüşündən maksimum xal çıxaran "gənclik şəhəri" təmsilçisinin qara günləri, sən demə, irəlidə imiş.

Mövsümə Bayılda inamlı qələbə ilə yol alıb davamını Qəbələdə gətirən sumqayıtlılar, odur-budur, 3 xal üzünə həsrət qalıblar.

Qələbə bir kənara, komanda sonrakı 4 matçın yalnız 2-də bərabərliyi güclə təmin edib, qalan 2 duel məğlubiyyətlə yekunlaşıb.

6 turdan sonra 8 xal və 10 komanda arasında 8-ci yer çox uğursuz davamiyyətdir. Son 4 oyun belə düşünməyə əsas verir ki, ümumi vəziyyətin ürəkaçan olmadığını deyək.

Hərçənd bunu deməyə gərək də yoxdur, "Sumqayıt"ın qeyri-sabitliyi göz önündədir.

Bir oyun baş məşqçi qovulur, digərində köməkçi-məşqçi texniki zonadan kənarlaşdırılır. Görünən budur ki, komandanın oyunları bir yana, daxili nizam-intizam da aşağı səviyyədədir.

Bəs klubun idarəçisi, menecer-prezidenti Riad Rəfiyev nə edir? Heç nə. Daha doğrusu, edir. Uğursuz rəhbər klubu düşdüyü durumdan çıxarmaq əvəzinə, şəxsi mənafeləri üçün dəridən-qabıqdan çıxır.

Elxan Məmmədov və Kamran Quliyevin kadrını düşündürən yeganə məsələ cibini doldurmaqdır. Başı klublara futbolçu gətirməyə qarışan menecer-idarəçi, əlbəttə, gec-tez sponsorların səbr kasasını dolduracaq.

Hər halda SOCAR - "Azərikimya" İstehsalat Birliyinə pul göydən zənbillə düşmür ki, "Sumqayıt"a da təmənnasız versinlər. Heç bir maliyyə sıxıntısı yaşamayan komanda bütün mənalarda intizamı düzəldib autsayder qiyafəsindən çıxmasa, təbii ki, sponsorlar tezliklə həyəcan təbilini gecikdirməyəcəklər.

Baş idarəçilər nə Riad Rəfiyevin, nə də Samir Abasovun qara qaşına-gözünə aşiq olublar. Transferlərə yayda kifayət qədər büdcə ayrılıb, yüzminlər sərf edilib, dövlətin ayırdığı 3 milyon manat da öz yerində - bu şəraitin qarşılığı autsayderlik ola bilməz. Olmamalıdır da!

Gedişat həm klub prezidenti, həm də məşqçilər korpusunu ayıltmasa, dekabrda komandanın analoji vəzifələrində ciddi dəyişiklikləri qaçılmaz edir.

Mediasport.az