"Xahiş edirəm, mənə belə suallar verməyin" - Qurban Qurbanov

 "Xahiş edirəm, mənə belə suallar verməyin" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Belə gərgin oyunda çox vacib 3 xal qazandıq. Oynamaq çətin idi, qarşımızda çox istəkli rəqib var idi. Sonda bacardıq desək, daha düzgün olar".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 21-ci turunun "Səbail"lə görüşü haqda fikirlərini bildirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.


Tahir Gözəl paltardəyişmə otağına gəldi, bunun xüsusi səbəbi var idi, yoxsa ənənəvi təbrik üçün gəlmişdi?

- Xeyr, sadəcə, təbrik etdi. Mən həmin vaxt içəridə yox idim. Çıxanda görüşdük, təbrik üçün gəlmişdi.

"Sabah"ın baş məşqçisi Murad Musayevin istefası barədə nə deyə bilərsiz?

- Əlbəttə ki, üzüldüm. Bəlkə nə vaxtsa Azərbaycana qayıdacaq. İşini sevən birisi idi. Ona qarşı oynamaq mənim üçün həmişə maraqlı idi. Biz nəyəsə müdaxilə edə bilmərik. Ancaq ona uğurlar arzulayıram.

O, "Qarabağ"a ağır məğlubiyyətdən sonra getdi, buna görə şəxsən üzüldünüz?

- Heç bir oyunda istəmərəm belə olsun. Mən özüm də məşqçiyəm. İstər-istəməz böyükhesablı məğlubiyyətlərə mən özüm də üzülürəm. Heç bir məşqçinin üzülməsini istəmərəm. Ümumiyyətlə məğlubiyyət futbolçulara heç də yaxşı təsir eləmir. Futboldur. Futbolu azarkeşlər üçün oynayırıq, sona qədər mübarizə aparmalıyıq. Bəzən hər futbolçu, məşqçi üçün belə məğlubiyyətlərin faydası olur.

Fasilədən sonra "Qarabağ"ın oyunu yaxşı alınmırdı, son dəqiqələrdə isə futbolçularınız vaxtı uzadırdı. Bunu necə izah edə bilərsiz?

- Qeyd etdim ki, qarşımızda çox istəkli komanda var idi. Belə meydançada topla davranmaq bir o qədər də yaxşı olmur. "Səbail"in üstünlüyü ondadır ki, bu meydançada daha çox oyun keçirirlər. Bizdə bir az problemlər olur. Digər tərəfdən biz hər oyun dominantlıq edə bilmərik. Sonda mənim futbolçularım vaxt keçirmədi. Əvvəlki dəqiqələrdə daha çox vaxt keçirilirdi, nəinki son dəqiqələrdə.

"Braqa" ilə görüşlərdə müdafiənin mərkəzində Bəhlulun yanında kimin oynayacağına qərar vermisiz?

- Hazırda mərkəz müdafiəçilərimiz var. Başqa futbolçuları bu mövqedə oynatmağı fikirləşmirəm. Hərənin öz mövqeyində olmağı daha uyğundur.

"Sabah"la kubokun cavab matçında meydana böyükhesablı üstünlüklə çıxacağınızı və "Braqa"nın məşqçilər korpusundan nümayəndənin stadionda olacağını nəzərə alsaq, əsas heyətə istirahət verəcəksiz?

- Demək olar ki, hər oyunda rotasiyaıar edirik. Bütün futbolçuların hazırlığı eyni səviyyədə deyil. Bu gün Benzianı 45 dəqiqə belə oynatmağa görə narahat idim. Amma 60 dəqiqə oyunda oldu. Yankoviç də öz optimal formasından uzaqdır. Rotasiyalar olacaq. Qarşıdakı turlarda əsas heyəti tam formalaşdırmaq istəyirik.

Sizi də köməkçilərinizdən biri "Braqa"nın ev oyununu izləyəcək, ona xüsusi tapşırıq vermisiz?

- Əlbəttə ki, hansısa tapşırıqlar verilib. Biz özümüz də onların oyunlarına baxırıq. Canlı izləyərkən bəzən bizim düşünmədiyimiz elementlər olur. Buna diqqətlə baxılacaq.

Neçə oyundur rotasiyalar edirsiz. "Braqa" ilə ilk oyun üçün beyninizdə artıq bir sistem var?

- Dəfələrlə demişəm ki, biz öz oyunumuzu yaxşılaşdırmaq istəyirik. Sadəcə, qarşımızdakı rəqibə görə bəzən bəzi detallar dəyişir. Çox ciddi dəyişikliyin edilməsini düşünmürəm.

Bir çox klub legioner limitinin dəyişdirilməsini tələb edir. Sizin buna münasibətiniz necədir?

- Bu barədə düşünməmişəm. İndi hər hansı cavab versəm, yanlış düşüncə olar. Bugünkü qayda nədirsə, ona əməl etməyə çalışırıq.

"Qalatasaray"ın futbol direktoru Cenk Ergün bu gün stadionda oyunu izləyirdi. Bunun səbəbi nə idi? Onunla təkbətək görüşünüz olacaq?

- Məlumatım yox idi, xoş gəlib. Görüşümüz planlaşdırılmayıb.

Ən yaxın izləyicinizdən 18 xal qabaqdasız. "Qarabağ" növbəti turlarda stimulu haradan tapacaq?

- Biz buna arxayın olamlı deyilik. Bu gün məğlub da ola bilərdik. 10-15 xal öndəyik deyə işimiz tamamlanıb düşüncəsi yoxdur. Futbolçularımız ilboyu yaxşı idman formasında olmalıdır. İstənilən nəticə bizə mane olmayacaq. Qarşıda fərqli turnirlər, fərqli oyunlar var. Çalışmalıyıq ki, komandanı həmin yarışlara yaxşı hazırlayaq.

- "Publika.az" saytında belə xəbər çıxdı ki, yuxarı dairələrdə sizin AFFA prezidentliyinə namizədliyiniz müzakirə olunur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov həm də federasiyaya rəhbərlik edə bilər?

- Mən, ümumiyyətlə, sosial şəbəkələrdən uzağam. Xəbəri oxumamışam, indi sizdən eşidirəm. Bu, mənə aid olan bir sual deyil. "Qarabağ"dayam, bütün diqqətim komandada, çempionatda, "Braqa" ilə oyundadır. Xahiş edirəm mənə belə suallar verməyin (gülür).