"Yalnız "Qarabağ" bunu bacardı, onlardan gözləntilərimiz böyükdür"
"Hər bir komandamıza avrokuboklarda uğurlar arzulayıram. Ümid edirəm ki, ən azı 2 komandamız qrup mərhələsində mübarizə aparar və biz də onları izləyib qürur hissi keçirərik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında veteran futbolçu Bəxtiyar Musayev deyib.
Azərbaycan millisinin sabiq üzvü Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ı digər 3 klubdan fərqləndirib və bunun səbəbini belə izah edib:
"Təmsilçilərimizdə komplektləşmə işi tamamlanmadığı üçün dəqiq fikir bildirmək çətindir. Yalnız "Qarabağ" heyətini qorumağa müvəffəq oldu. Onlardan həmişə gözləntilərimiz böyükdür. Ümid edirəm ki, bu il daha da parlaq çıxış edərlər. Məncə, ediləcək 1-2 transfer "Qarabağ"ın gücünə güc qata bilər".
"Neftçi"nin keçmiş futbolçusu Avropa Liqasına vəsiqə qazanan "Zirə" və Konfrans Liqasında mübarizə aparacaq "Sumqayıt"dan da söz açıb:
"Zirə", əsasən, yerli çempionatda çıxış edən futbolçuları heyətinə qatıb. Hələ də tam komplektləşməyiblər. "Sumqayıt"da durğunluqdur. Komandadan bir çox oyunçu gedib, amma yeni gələnlərin sayı çox da deyil. Bunları sadalamaqda fikrim odur ki, komandalar tam komplektləşəndən sonra onların nəyə qadir olduqlarını görə bilərik. İndidən nəsə demək çətindir. Ümid edirəm ki, komandalarımız transfer siyasətini uğurla başa vurarlar və istədikləri futbolçuları heyətlərinə cəlb edərlər. Hər birinə uğurlar arzu edirəm".