Benzia "Qarabağ"dan gedəcək? - "Fransa klubundan təklif almışam"

Benzia "Qarabağ"dan gedəcək? - "Fransa klubundan təklif almışam"

Son aylar "Qarabağ"da uğurlu çıxışları ilə diqqət mərkəzinə düşən Yassin Benzia Karyerasını yenidən Fransa çempionatında davam etdirmək imkanı qazanıb.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisində keçirdiyi gözəl oyunu ilə 5 illik aradan sonra Əlcəzair milli komandasına da çağırılan 30 yaşlı yarımmüdafiəçiyə "ikinci vətəni"ndən təklif gəlib.

Təcrübəli futbolçu “RMC Sport”a açıqlamasında Fransanın 2-ci Liqa klubundan dəvət aldığını deyib. Benzia təklifi rədd edib:

"Təklif almışam, amma özümü orada görmürəm. Bu mövsüm ümumilikdə 40 oyunda iştirak etmişəm. Fikrimcə mövsümü yaxşı keçirirəm və “Qarabağ”da özümü xoşbəxt hiss edirəm. Hər şey planlaşdırdığımız kimidir".

Qeyd edək ki, Azərbaycan çempionuna ötən yay icarədə oynadığı "Hatayspor"dan transfer edilən futbolçunun "köhlən atlar"la 2025-ci il iyunun 30-dək müqaviləsi var.

Fransanın aşağı yaş qrupu üzrə bütün milli komandalarında forma geyinmiş Benzia bu ölkənin nəhəng klubu "Lion"un yetirməsidir.

"Şirlər"in heyətində 76 oyun keçirmiş vinger "Lill", "Fənərbağça", "Olimpiakos" və "Dijon"da da forma geyinib.