1:8 hesabı ilə uduzan baş məşqçimiz: "Üzücü və biabırçı nəticə qeydə alındı"
"Gözləmədiyimiz halda 70-ci dəqiqədən sonra bu qədər qol buraxdıq. İndi də bunun təsiri altındayam, ayılmamışam".
mediasport.az xəbər verir ki, bu sözləri dünən yoldaşlıq görüşü çərçivəsində İsveç yığmasına 1:8 hesabı ilə məğlub olan U-21 millimizin baş məşqçisi Samir Əliyev deyib.
O, biabırçı məğlubiyyətə görə günahı özündə görüb və səhvə yol verdiyini deyib. 43 yaşlı mütəxəssis əvəzetmələrdən sonra 20 dəqiqə ərzində 6 qol buraxacaqlarını gözləmədiklərini bildirib:
"Bir tərəfdən oturub fikirləşirsən ki, yoldaşlıq görüşü olsa da, üzücü və biabırçı nəticə qeydə alınıb. Hazırlıq oyununda səhvlərimizi gördük. Fevralda püşk atılacaq və seçmə mərhələdəki rəqiblərimiz bəlli olacaq. Həmin vaxt qrupda ən azı iki belə səviyyədə komanda görəcəyik. Belə ölkələrin U-21 yığmaları I və II səbətdə yer alır. Artıq bilirik ki, bu komandalara qarşı bu cür əvəzetmələr və açıq futbol olmayacaq. Bütün məsuliyyət mənim boynumdadır. Məğlubiyyətin əsas səbəbkarı da mənəm. İsveç kimi hücum xətti güclü olan kollektivlə açıq futbol oynamaq istəyirdik, bizi belə cəzalandırdılar. Futbolçularımız qol buraxdıqca irəli atılırdı. 70-ci dəqiqəyədək yaxşı qol vəziyyətlərimiz də var idi".
Əliyev bir neçə yeni futbolçunu sınaqdan keçirdiklərini xatırladıb: "Onların da oynamasına imkan verdik. Matçın 70-ci dəqiqəsinə kimi rəqib 2:1 hesabı ilə öndə idi. Görüş də normal, öz axarında gedirdi. Aşağı-yuxarı eyni səviyyədə oyun izləyirdik. Daha sonra 6 əvəzetmə etdim və oyun intizamı pozuldu. Qolların 4-nü məhz 86-cı dəqiqədən sonra buraxdıq. Açıq futbol sərgiləmək istəyirdik. Mən də bir az risk etdim. Elə oyunçular var idi ki, ilk dəfə U-21-in heyətində meydana çıxırdı. Birinci dəfə dəvət alanlar da var idi. Bəlkə mən də yoldaşlıq görüşləri üçün güclü rəqib seçməkdə bir az tələsdim. Bu matçlar onu göstərdi ki, sırf İsveç kimi dünya səviyyəli kollektivlə açıq futbol oynamaq olmaz. Eyni heyət olmasa da, onların U-21 yığması 2-3 il əvvəl olsa da, Avropa çempionluğunu yaşayıblar".
Baş məşqçi U-21-dəki futbolçuların əksəriyyətinin I Divizionda meydana çıxdığını deyib: "Rəqibin heyətindəki futbolçular isə Niderland, Avstriya və İsveç kimi ölkələrin yüksək liqalarında mübarizə aparan klublarda oynayırlar. Səviyyə fərqi bilinirdi. Amma buna baxmayaraq, 70 dəqiqə yaxşı təsir bağışladıq. Son 5 dəqiqədə 4 qol buraxmaq isə belə biabırçı nəticəyə gətirib çıxardı". (report)