"Yəqin, mükafat olacaq, "Neftçi"yə qarşı oynadıq və xal qazandıq"

"Yəqin, mükafat olacaq, "Neftçi"yə qarşı oynadıq və xal qazandıq"

"Araz-Naxçıvan" futbol klubunun hücumçusu Orxan Əliyev Azərbaycan Premyer Liqasının 14-cü turunun "Neftçi" ilə səfər oyunundan (1:1) sonra Mediasport.az saytına müsahibə verib.


Oyunun son dəqiqələrində qol vuraraq "Araz-Naxçıvan"ı məğlubiyyətdən xilas etdin.

- Ümumilikdə oyun çox da pis keçmədi, hər şey yaxşı alındı. Əslində, biz "Neftçi" səfərinə elə-belə gəlməmişdik. Rəqibin çox yaxşı komanda olduğunu və görüşün ağır keçəcəyini bilirdik. Sona qədər çalışdıq, mübarizə apardıq və xal da qazandıq. Buna görə şadıq.

Meydana fasilədən sonra daxil oldun - Qol vuracağına inanırdın?

- Mən hücumçuyam və hər zaman qol vuracağıma inanmalıyam. Daim qol hissiyatım olmalıdır. Başla və ya ayaqla da olsa, qol vurmalıyam. Bunun üçün rəqib cərimə meydançasının içərisində hər şeyi etməliyəm. Şadam ki, imkanım düşdü və başla qol vurdum.

"Neftçi"yə ilk dövrədə də qol vurmuşdun. Bu komandaya qarşı xüsusi hazırlaşırsan?

- "Neftçi"nin hansı səviyyədə komanda olduğunu bilirik. Təbii ki, onlara qol vurmaq istəyirdim. Matçdan əvvəl də məqsədim o idi ki, meydana çıxım və qolumu vuraraq komandaya kömək edim. Onu da yerinə yetirdim.

"Qarabağ"a qalib gəldikdən sonra komandada eniş yaşanmışdı. Bu bərabərlik sizin üçün dönüş nöqtəsi ola bilər?

- Futboldur da, belə şeylər olur. Bir oyunda qalib gəlib digərində uduza və ya heç-heçə edə bilərsən. Dəyişikliklər daim olur. "Neftçi"yə uduzmadıq, bir xal qazandıq. Bu da yaxşı oldu. Təbii ki, komandaya inam qazandıracaq. Çalışacağıq ki, bundan sonra da yaxşı oyun göstərək və uğurlu nəticəni davam etdirək.

Mətbuatda yayılan xəbərlərə görə, "Araz-Naxçıvan"da futbolçular mükafatlar üstündə narazılıq edirlər. Bununla bağlı nə deyə bilərsən?

- Bunu sizdən eşidirəm. Bizdə rəhbərlik nə deyirsə, onu da yerinə yetirir. Sağ olsunlar, sözlərinin üstündə dururlar. Mükafat deyirlərsə, verirlər.

"Neftçi" ilə oyundan qabaq mükafat söz vermişdilər?

- Yalan deyərəm, eşitməmişdim. Amma yəqin ki, olacaq. Çünki "Neftçi"yə qarşı oynayırdıq və xal qazandıq. Hər halda indiyə kimi dediklərini edib, verdiyi sözü tutub.