Yuri Matias aydınlıq gətirdi: "Tutaq ki, sabah “Neftçi”dən getsəm..."
"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la cavab görüşündən (1:4) sonra Mediasport.az saytına müsahibə verib.
Əvvəlcə 1:4 hesablı məğlubiyyət barədə fikirlərin maraqlıdır.
- “Qarabağ”a qarşı oynamaq həmişə çətin olub. Hamı bilir ki, onlar keyfiyyətli oyunçulara sahibdirlər. Hər matçda da bunu göstərirlər. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar derbi matçlarında bizdən qələbə gözləyirlər. Biz isə onları sevindirə bilmirik. “Qarabağ”la görüşdə də əlimizdən gələni etdik, amma bu, qələbə qazanmaq üçün kifayət etmədi. Məğlubiyyət üzücüdür. Bilirəm ki, azarkeşlərimiz də çox məyus olublar. Təəssüf ki, onların etimadını doğrultmuruq.
Son 2 çempionat oyununda “Qarabağ” optimal olmayan heyətlə meydana çıxmışdı. Rəqibin ilk matçdakı 4:0 hesablı qələbədən sonra cavab görüşünə ideal “11-lik”lə çıxması sizin üçün təəccüblü oldu?
- Bu onu göstərir ki, “Qarabağ” “Neftçi”yə hörmətlə yanaşır. “Neftçi” böyük klubdur, şanlı tarixi var. “Qarabağ”ın meydan əsas heyətlə çıxması məni təəccübləndirmədi. Çünki gözləyirdim ki, belə də olacaq.
Bu matçın ikinci hissəsində zədələnib meydanı vaxtından əvvəl tərk etdin. Zədən ciddidir?
- Epizodların birində ayağım burxuldu, bir qədər ağrı oldu. Bazar günü çempionatda vacib oyunumuz olduğuna görə düşündüm ki, əvəz olunmağım daha doğrudur.
Premyer Liqada qeyri-sabit və kubokda isə uğursuz çıxış etdiz, yarımfinalda "Qarabağ"dan 8 top buraxdız - “Neftçi” çox zəifdir, yoxsa “Qarabağ” çox güclüdür?
- “Neftçi”də stabillik çatışmır. Məncə, stabil çıxış edə bilsək, nəticələr daha da yaxşılaşar. “Qarabağ”a gəldikdə isə hamı bilir ki, bu, illərin komandasıdır. Avropada hər il böyük komandalara qarşı oynayırlar, daha da güclənirlər. Stabillik olsa, o səviyyəyə çata bilərik.
“Neftçi”nin əvvəlki kimi əzəmətli, iddialı olması üçün nə lazımdır?
- Bura gəlməmişdən əvvəl də “Neftçi”nin oyunlarını izləmişəm. Bilirəm ki, yaxşı nəticələr qazanan klub olub. Amma mən cəmi 1 ilə yaxındır burdayam. Ona görə də düşünürəm ki, bu sualınıza cavab verəcək adam mən deyiləm. Bu suala konkret cavab vermək üçün daha çox vaxt lazımdır.
Rumıniya mətbuatına açıqlamanızda sabiq klubun ÇFR-ə mükkün qayıdışın barədə danışmısan...
- Əslində, o söhbət elə olmayıb. Azərbaycan dilinə yanlış tərcümə edilib. Adım Rumıniya mətbuatında son 1 ayda çox hallanır. Təkcə ÇFR deyil, digər klublarla da. Bu, normaldır. Çünki ÇFR-də uğurlu çıxış etmişəm, çempion olmuşam. Həmin mətni Azərbaycan mətbuatı düzgün tərcümə etməyib. Mən demişəm ki, nə vaxtsa imkan olsa, bəli, ÇFR-ə qayıda bilərəm. Çünki o klubla bağlı xoş xatirələrim var. Eyni şeyi “Neftçi”yə də aid edirəm. Tutaq ki, sabah “Neftçi”dən getsəm, gələcəkdə yenidən bu kluba qayıda bilərəm.
Fan-klubla münasibəti yaxşı olan bir futbolçu kimi nə deyə bilərsən, “Neftçi” azarkeşlərini tribunaya nə vaxt qaytaracaq?
- Bura gəldiyim ilk gündən azarkeşlər məni yaxşı qarşıladılar. Onların dəstəyinə ehiyacımız var. Fanatlar həmişə bizim 12-ci oyunçumuz olublar. Həmişə çalışmışam səmimi olub. İndi də səmimi deyirəm ki, bu boykotun “Neftçi”yə köməyi olmayacaq. Klubun adı oyunçulardan üstün olmalıdır. Azarkeşlər “Neftçi”ni dəstəkləməyə davam etməlidirlər. Onlarsız oyunlarımız çətin keçir, darıxmışıq. Düşünürəm ki, onlar da bizim üçün darıxıblar. Növbəti oyunlarda bizi dəstəkləyəcəklərinə inanıram.
Mövsümün sonunda neçənci yeri tutsaz, “Neftçi” üçün uğur sayılacaq?
- Artıq çempionluq əldən gedib. İndiki halda məqsədimiz yalnız və yalnız ikinci olmaqdır. Bu nəticə uğur sayılacaq.
Bəs gümüş medal qazanmaq şanslarınız nə qədərdir?
- Bu, mümkündür. Hər şey öz əlimizdədir. Son 5 turda qarşılaşacağımız rəqiblərin çoxu avrokuboklar uğrunda mübarizə aparır. Odur ki, son 5 matçda qalib gəlsək, istəyimizə çata bilərik.
Elvin