Bu iki azərbaycanlı məşqçiyə "Qarabağ"da yeni vəzifə verildi - ÖZƏL!
Aftandil Hacıyevin "Qarabağ"ın futbol akademiyasına rəhbərliyə gəlişindən sonra burada canlanma müşahidə olunur.
Yeni direktorun işə başlaması ilə akademiyada uşaq futbolunun inkişafı, yeni istedadların üzə çıxarılması və yetişdirilməsi istiqamətində əməli tədbirlər sürətlə icra olunmağa başlayıb.
MediaSport.az saytına daxil olan məlumata görə, Hacıyev artıq özünə iki yeni köməkçi də götürüb. Bunlar 20 il Ağdam klubunda çıxış etmiş Səttar Əliyev və Vəli Hüseynovdur.
İndiyədək ağdamlıların U-19 komandasının baş məşqçisi olan Əliyev bundan belə Aftandil Hacıyevin köməkçisi vəzifəsini yerinə yetirəcək və komandanın "Sərhədçi"dəki bazasına cavabdeh olacaq.
Bir həftə əvvəl "Şamaxı"dan akademiyanın aşağı yaş qruplarından birinə məşqçi kimi dəvət olunan Hüseynov da Hacıyevin köməkçisi kimi çalışacaq. Ona "Qarabağ"ın Tofiq Bəhramov stadionunda yerləşən akademiyası həvalə edilib.
Hər iki mütəxəssis bu vəzifəyə Aftandil Hacıyevin istəyindən sonra təyin edilib.