"Sponsorluqdan gələn məbləğ ancaq akademiyaya xərclənəcək"
"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov "Euroclima" şirkəti ilə əməkdaşlıq müqaviləsinin imzalama mərasimində jurnalistlərin suallarını cavablandırıb.
Bu dəstək “Qəbələ” akademiyasını əvvəlki illərə qaytara bilər?
- İndiki müqaviləyə əsasən əvvəlki dövrə qayıtmaq çətindir. Hazırda akademiyada vəziyyət ürəkaçan deyil. Əvvəlki dövrdə hər yaş qrupu il ərzində azı bir dəfə xaricə gedirdi. İndi isə vəziyyət elə deyil.
Yeni əməkdaşlıq akademiyanın çatışmazlıqlarının neçə faizini aradan qaldıracaq?
- Əvəlki dövrlə müqayisə etsək, cüzi dərəcədə. Amma bunun bizə çox xeyri olacaq.
Bir zamanlar "Qəbələ Cup" turniri keçirilirdi. Yenidən bu cür turnirləri bərpa etmək mümkündür?
- Bu məbləğ birmənalı olaraq akademiyaya xərclənəcək. Bir neçə komandamızı xarici səfərlərə göndərmək, akademiyanın işçi heyətinin, məşqçilərin maaşlarında dəyişiklik etmək istəyirik. İşin keyfiyyətli oması üçün işçilərin vəziyyəti yaxşı olmalıdır.
Azərbaycanda futbol akademiyasının normal fəaliyyət göstərməsi üçün minimum nə qədər məbləğ lazımdır?
- Akademiyanı hansı səviyyədə görmək istədiyimizdən asılıdır. İnfrastrukdur olduğu halda futbol məktəbi üçün çox da böyük məbləğ lazım deyil. Bizim akademiyada isə 100-dən çox uşaq var. Burada qalırlar, yeyirlər. Əvvəlki illərdə akademiyanın büdcəsi 1 milyon dollar civarında idi. İndi isə bundan çox aşağıdır.
"Qəbələ”nin bazasında bir neçə stadion var. Bu infrastruktura baxmaq maddi olaraq nə dərəcədə çətindir?
- Hələ ki, infrastruktumda problem yoxdur. Bu mövsüm öt örtüyünü dəyişmək istəyirdik. Gələn ilə qaldı. Akademiyamızınm binasının tikintisi yarımçıq qaldı. Yeni sponsorlar olarsa, bunu tamamlamaq istəyirik.
Əsas komandaya sponsorlar gözlənilir?
- Heç kimlə danışıq aparmırıq. Amma ehtimal var. Əsas problem odur ki, dayanıqlıq yoxdur. Dövlət tərəfindən ötən il oldu, növbəti il yardımın nə qədər olacağını bilmirik. Bu 3-5 illik proqram əsasında olsa, klublar da buna uyğun fəaliyyətlərini qurarlar. Futbolçularla uzunmüddətli müqavilə imzalaya bilmirik.
Uşaq futboluna daha çox diqqət ayırdıqdan sonra əsas komandanı sırf akademiyanın futbolçuları hesabına qurmaq olar?
- Mütləq şəkildə hər komandada keyfiyyətli legioner olmalıdır. Akademiyadan gələn uşaqlar da onlardan öyrənməlidir. Strategiyamızda heç bir dəyişiklik olmayacaq. Əsas komanda ilə akademiya arasında əlaqə davam edəcək.
Ötən ilin sonunda Gənclər və İdman Nazirliyinin ilin yekunlarına dair keçirdiyi tədbirinə “Qəbələ” idman Klubu dəvət olunmamışdı. Bu barədə nə deyə bilərsiz?
- Ola bilər. Heç fikir verməmişəm. Amma nazirliklə münasibətlərimiz normaldır. Yəqin ki, hansısa nominasiyada olmamışıq. Bu barədə heç bir məlumatım yoxdur.