"Açığı, Murad Musayevin gedişi bizim üçün pis oldu" - MÜSAHİBƏ

"Açığı, Murad Musayevin gedişi bizim üçün pis oldu" - MÜSAHİBƏ

"Sabah"ın qapıçısı Yusif İmanov Azərbaycan Kubokunun 1/4 finalının "Qarabağ"la cavab oyunundan sonra (4:3, ümumi hesab - 5:10) Mediasport.az saytına müsahibə verib.

Matç haqqında nə deyə bilərsən?

- Oyuna yaxşı başladıq. Nizam-intizamlı oynayırdıq. Sona qədər belə davam elədik.

Bol qollu qarşılaşma oldu, hesabda üstünlüyü sonadək saxlayaraq qalib gəlsəz də, bu 4 qol, belə desək, bir işə yaramadı. Komandada ruh yüksəkliyi düşüb?

- Belə deməzdim, komandamızda ruh yüksəkliyi yaxşıdır. Qələbə qazandığımız üçün sevincliyik. Baxmayaraq ki, turu keçə bilmədik. Növbəti oyunlara köklənəcəyik. Liqada çətin oyunlarımız var.

Murad Musayevin gedişindən sonra komandada ab-hava necədir?

- Açığı, Murad Musayevin gedişi bizim üçün pis oldu. Anidən baş verdi. Çalışırıq ki, toparlanaq.

UEFA Millətlər Liqasının püşkatması keçirildi. Sənin də üzvü olduğun millimiz İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq. İkisi bizə tanış rəqibdir. Püşk və öz potensialın haqda nə düşünürsən, maksimumun budur, yoxsa artıra bilərsən?

- Püşkatmanın nəticəsini bilmirdim, inşallah, o oyunlara da maksimum hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edib nəticə qazanaq. Özümə gəlincə, potensialım bu deyil. İstəyirəm ki, hər şey daha yaxşı olsun. Əvvəlki vəziyyətimə qayıtmaq, daha da yaxşı olmaq üçün çalışıram.

Üç gün sonra yenə "Qarabağ"la oynayacaqsız. Eyni komanda ilə ardıcıl üç dəfə qarşılaşmaq oyuna köklənmək baxımdan necədir?

- Əslində, fərqi yoxdur, oyun oyundur. Bizim üçün hər oyun eynidir. Bu matça da motivasiya ilə çıxmışdıq, digər oyunlara da motivasiya ilə çıxacağıq.

"Sabah" ölkə çempionatının turnir cədvəlində gözlənilən yerdə deyil. Səncə, komandanız uçurumdan qurtula biləcək?

- Əlbəttə, bu durumdan tezliklə qurtulacağıq. Bunan ınanıram.

Rövşən ƏLİSOY