Qurbanov: "Nəriman belə bir şey edibsə, çox böyük səhv edib"

Qurbanov: "Nəriman belə bir şey edibsə, çox böyük səhv edib"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunun "Kəpəz"lə oyunundan sonra (6:1) maraqlı açıqlamalar verib.

Mediasport.az xəbər verir ki, o, "Qarabağ" rəhbərliyi ilə birgə çalışmağın xoş olduğunu deyib:

"AFFA-da hər hansısa bir idarəçiliklə bağlı təklifin olacağına inanmıram. İkincisi, mən hazırda "Qarabağ"dayam. Bu kollektivlə, rəhbərliklə işləmək mənim üçün xoşdur. Hələlik işimiz buradadır. Həm də müzakirə edilməyən mövzu ətrafında fikir bildirmək...bunu xoşlamıram. Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Yenə deyirəm: hələ təsdiq olunmayıb. Hər şey təsdiqləndikdən sonra insan fikirlərini ətraflı ifadə edir".

Qurbanov son zamanlar həm klub futbolunda, həm də milli komandada aqressivliyi ilə seçilən Elvin Cəfərquliyevdən də danışıb və onun bu cəhətini yaşı ilə əlaqələndirib:

"Mənim ən xoşlamadığım mövzu futbolçularımın intizamsızlığının danışılması, fikir bildirilməsidir. Əlbəttə, mənim üçün heç xoş deyil. Futbol aqressiv oyundur. Düşünmədiyin nəticələr, epizodlar olanda xoşagəlməz hallar baş verir. Futbolçularımdan ən böyük tələbim budur: hər nə olursa olsun, onlar özlərini intizamlı aparmağı bacarmalıdırlar və buna məcburdurlar. Çünki futbol kollektiv oyunudur. Bir yola çıxmışıqsa, sona qədər bir yerdə qalmağa çalışmalıyıq. Haqsız qırmızı kartlar olanda futbolçu özünü idarə edə bilmir. Bəli, Elvin Cəfərquliyevdə aqressivlik, cığallıq var. Belə hallar qarşıdakı illərdə futbolçunun özünü yığışdırmasına kömək olur. İnanıram ki, Elvin həm "Qarabağ"da, həm də milli komandada özünü daha diqqətli aparacaq. İstər-istəməz həmin yaş dönəmində futbolçular yollarını aza bilirlər. Belə halların olmaması üçün çalışacağıq".

Təcrübəli mütəxəssis gənc hücumçu Nəriman Axundzadə ilə bağlı yayılan xəbər haqda da fikrini bildirib:

"Nəriman Axundzadənin də bir jurnalistlə düzgün anlaşmadığı yazılır. O, elə uşaqdır ki, sözü kəlbətinlə çıxarırsan. Əgər Nəriman belə bir şey edibsə, çox böyük səhv edib. Detalları bilmirəm. Bəzən mənim özüm haqda da bir xəbər yayılır və sonda eşidilir ki, "Qurban müəllim filankəsə diqqət ayırmadı". Belə hallar olur. Lakin bu o demək deyil ki, kiməsə hörmətsizlik və ya diqqətsizlik edirik. Biz də insanıq. Futbolçular da səhv edə bilərlər. Çalışmalıyıq ki, səhv təkrarlanmasın. Əgər Nərimanın elə səhvi olubsa, bir daha elə etməz, inşallah".

Çalışdırıcı, "AFFA-nın İcraiyyə Komitəsinə namizədliyiniz irəli sürülüb. İndidən hər hansısa bir təklif hazırlamısınız?" sualını belə cavablandırıb:

"İcraiyyə Komitəsinə namizədlər siyahısında futbolçu keçmişi olan bir mənəm, bir də Səməd müəllim. Digər şəxslər futbol funksionerləridir. Klublarda, komandada çalışmış, strukturla bağlılığı olan insanlar da var. Məncə, hər kəsin adı düşünülmüş addımların nəticəsində oradadır. Yəqin ki, məqsədlərinin nə olduğu haqda açıqlama veriləcək. Aşağı yaş qruplarının inkişafı üçün və ya tələbələrin diqqətinin futbola cəlb edilməsi üçün və s. Oranın formatını bilmədiyim üçün heç bir təklif hazırlamamışam. Hansı addımlar atılacaq, struktur necə təşkil ediləcək və s. Hər şey məlum olduqdan sonra gedişatda müzakirələr aparılacaq və təkliflərimi irəli sürəcəm. Ümumiyyətlə, həmin mövzu haqqında fikir bildirmək tezdir. İndi bir ifadə işlədərik və yanlış ola bilər. Mən rəhbər vəzifələrdən uzaq olmuşam. Futbol oynamış, bu sahədə təcrübəsi olanların aidiyyatı üzrə qurumlarda saylarının çox olmasının tərəfdarıyam. AFFA-ya yeni rəhbərlik gəlir. Gələcəkdə işlərin necə olacağını bilmirəm. Bəzi futbolçuların, futbol adamlarının, mütəxəssislərin federasiyada fəaliyyət göstərməklərinin tərəfdarıyam".

Rövşən ƏLİSOY