"Ağ-qara" "Neftçi"də günəş işartıları - Qriqorçuk yeni "roman yaza" bilər?

"Ağ-qara" "Neftçi"də günəş işartıları - Qriqorçuk yeni "roman yaza" bilər?

Aşağı-yuxarı 2015-ci ildən bu yana bütün kadr seçimləri "Neftçi" adına uğursuz olub.

Rəhbər postdan ta bazadakı qadın mühafizəçiyə qədər - Əlinin papağının Vəlinin, Vəlininkinin isə Əlinin başında olduğu "ağ-qara" klubda geridə qalan illərin nəticələri - daha doğrusu, nəticəsizliyinə əsasən, əlavə şərhə ehtiyac qalmır.

Bu illərdə ölkənin ən köklü, titullu 2 klubundan birini konkret karvansaraya döndərdilər. Saymaqla bitməyən uğursuz kadr, baş məşqçi seçimləri bir-birini əvəzlədi, az qala ayağı top tutmayan bütün futbolçular "Neftçi"yə gətirildi.

Kimlərsə rəsmən ciblərini doldurmağa başlayınca "xalqın komandası" həm idarəetmə, həm nəticə baxımından çevrilib oldu "məhəllə komandası".

9-qat Azərbaycan çempionunun 2013-cü ildən geridə qalan mövsümün sonunadək - 11 il müddətində liqanı yalnız bir dəfə (2020/2021) zirvədə tamamlaması ən əyani sübutdu.

Digər ikinci və üçüncülükləri sadalamağa gərək yoxdu. "Neftçi" ölkənin titullu 2 komandasından biridir və olub.

Tarixi isə illərdi kölgəsində qaldığı "Qarabağ"dan çox-çox əvvələ gedib çıxır.

10 ildən çoxdu klub adına ciddi heç bir dəyişikliyin olmadığı, xaosun hökm sürdüyü, azarkeşinin dəfələrlə üz çevirdiyi "ağ-qara" komandaya hər mövsüm sonu, hər yeni kadr, baş məşqçi və futbolçu gəlişində təzə ümidlər bəslənsə də, bütün xəyallar suya düşüb.

Əvəzində yenə 5-10 işbaz xalqın neft pullarını qalaq-qalaq haralarasa daşıyıb, dağıdıb, xərcləyib.

Ənənəvi qaydada 2023/2024-cü illər mövsümünün sonunda yeni ümidlər cücərməyə başladı. İlk olaraq rəhbər səviyyədə ciddi dəyişikliyə məruz qalan "Neftçi"nin, nəhayət, adına layiq olmadığı biabırçılıqlardan qurtulacağına böyük ümid yarandı.

Və təsdiq edilən yeni İdarə Heyətinin ilk addımları Azərbaycan futbol azarkeşinin həqiqi inam hissinə səbəb oldu.

Onlarla uğursuz seçim və qərarlardan sonra yeni rəhbərliyin Azərbaycanda kifayət qədər ciddi uğurlar qazanmış, Avropa klubları tarixinə komandanı ardıcıl iki mövsüm bütün seçmə mərhələlərdən keçirərək qruplara daşımış və futbol tarixinə düşmüş Roman Qriqorçuku ən strateji - baş məşqçi postuna gətirməsinə sevinməmək mümkün deyildi.

59 yaşlı ukraynalının təyinatı sıravi azarkeşindən tutmuş rəqib komandaların fanatlarına qədər - hər kəsi sevindirdi, ruhlandırdı.

"Roman yazmağı" bacaran Qriqorçukun ölkəmizdə ikinci dəfə uğur qazanıb-qazanmayacağını zaman göstərəcək. İstənilən halda seçim əladır, zənnimizcə.

İkinci bir təyinat - idman jurnalistikasının peşəkarlarından, universal aparıcı-şərhçi, müxbir, redaktor Rüstəm Əfsərlinin Media üzrə koordinator təyin edilməsi illərdi qaranlıqda qərq olan ağ-qara" klubun yavaş-yavaş günəş işığına çıxarılmasına növbəti cəhd kimi də dəyərləndirilə bilər.

Həmkarlarımız olduqları üçün xüsusi qabartmırıq, lakin reallıqdı, istər ötən lin sentyabrına qədər klubda ciddi işlər görmüş, xüsusən PR və marketinq sahəsində "Neftçi"yə sanballı töhfələr vermiş Rüstəm Allahverdiyev, istərsə də bugünlərdə təyinatı açıqlanan və daha əvvəl də "ağ-qara"larda çalışmış Rüstəm Əfsərlinin gəlişi komandanın son 10 ildə atdığı ilk və son düzgün addımdır.

Qriqorçuk və Əfsərli seçimləri ilə ciddi ümid verməyə başlayan "Neftçi" lazımsız 2-3 kadr və bir neçə futbolçudan da yaxasını qurtara bilsə, əminik ki, uzağı 2 mövsüm sonra ortada sanballı bir kollektiv-komanda görə biləcəyik.

Bu adamlar işlərini artıqlaması ilə yerinə yetirməyə qadir, özlərini təsdiq etmiş insanlardır. Təbii, imkan və şərait yaradılarsa, süni əngəllər olmazsa.

Mediasport.az