"Altı qoldan dördünü standart vəziyyətlərdən buraxmışıq"
"Zirə" Avropa Konfrans Liqasının pley-off mərhələsinda "Omoniya" ilə qarşılaşıb (0:6).
Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:
"Matç barədə danışmaq çox çətin və ağırdır. Futbolda belə oyunlar olur. Hansı ki, rəqibin meydanda hər istədiyi alınır, amma səninki yox. Rəqib cərimə zərbəsindən vurduğu qolla başladı. Daha sonra qapımıza gözlənilməz penalti təyin olundu. İlk hissənin son dəqiqəsində buraxdığımız qoldan sonra nəyisə dəyişmək çətin idi. Altı qoldan dördünü standart vəziyyətlərdən buraxmışıq".
Mütəxəssis rəqib komandanın azarkeşlərindən də söz açıb:
"Azarkeşləri komandalarını sona qədər dəstəklədilər. Onların böyük dəstəyi bizim üzərimizdə basqı yaradırdı. Əslində ilk dəqiqələrdə, hər şey normal idi. Düşünürdük ki, hər şey bərabər səviyyədə davam edəcək. Cərimə zərbəsindən vurduqları qoldan sonra daha inamlı çıxış etməyə başladılar".
Xatırladaq ki, "Zirə" və "Omoniya" arasında cavab oyunu 29 avqust, 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək.