De Byazi: "Oyunumuzda inkişafı görmürüksə, demək görmək istəmirik"

De Byazi: "Oyunumuzda inkişafı görmürüksə, demək görmək istəmirik"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi mətbuat konfransı keçirib.

MediaSport.az xəbər verir ki, italiyalı mütəxəssis AÇ-2024-ün seçmə qrup mərhələsinin sabah baş tutacaq Estoniya ilə oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.

İki oyuna 9 top buraxan millidə nəyə ümid edə bilərik?

- İlk iki oyunda uduzduq. Bəli, 9 qol buraxmışıq. Amma iki güclü komandaya qarşı oynadıq, rəqiblər böyük təcrübəyə malik idilər. Matçları yaxşı analiz etsəz, görərsiz ki, bəzi hissələrdə yaxşı oyun göstərdik, meydanda qaldıq, mübarizə apardıq. Fərdi səhvlər olur. Bu, bizə çox baha başa gəldi. Təcrübəsi az olan oyunçular üçün belə səhvlər ümid edirəm böyük dərs olar. Bizə gələcəkdə inkişaf üçün kömək olacaq.

Komandada mərkəz hücumçuları çoxdur, Mahiri Emrelini də bu mövqedə görürsüz?

- Son 7 matçda oynadığımız sistemi bilirsiz. Yaxşı nəticələr göstərmişik. Beş qələbə qazanmışdıq. Asan olmayan rəqibləri məğlub etmişdik. Doğrudur, iki oyunda uduzmuşuq. Sabah görəcəksiz, Mahir hansı mövqedə oynayacaq. Əminəm ki, əlindən gələni edəcək.

Evdə oynayacğımızı nəzərə alsaq, sabah hamı komandadan qələbə gözləyir. Bu, futbolçularda psixoloji gərginlik yarada bilər?

- Yox. Çünki, iki oyunda uduzmuşuq. Uşaqlarda böyük istək var ki, revanş alsınlar. Sabah ağır rəqibə qarşı oynayırıq. Fiziki cəhətdən güclü komandadırlar. Onlarda mövsümün ortasıdır, bizdə isə bitib. Sabah əlimizdən gələni edəcəyik və ümid edirəm ki, ilk üç xalı götürməyi bacaracağıq.

Estoniya Avstriyaya 1:2 hesabı ilə uduzdu, siz isə 1:4... Bu haqda fikriniz necədir?

- Futbol riyaziyat deyil. Avstriya - Estoniya oyunu izləmişəm, yaxşı oynadılar. Estoniya yığması daha yaxşısını edə bilərdi. Sabah ən yaxşısını edəcəyik ki, qələbə qazanaq.

Buraxdığınız qolların hamısı fərdi səhvlərdən irəli gəlir?

- Bir neçə məqam var. Ola bilər bəzi futbolçular bu səviyyədə oynamağa öyrəşməyib, vəziyyəti gec oxuyuruq. Nəticədə də sözünü deyir. Rəqibin futbolçularının hamısı böyük liqalarda oynayırsa, çətinliklər özünü göstərir. Amma topla yaxşı oynayırıq, yaxşı imkanlarımız olur. Qol vurub-vurmamaq vacib məqamdır. Əgər oyunumuzda inkişafı görmürüksə, demək görmək istəmirik.

Komandada fiziki hazırlıq hansı vəziyyətdədir?

- Estoniyada mövsümün ortasıdır, bizdə bitib. Bizim oyunçular yorğundur. Sabah mütləq oyuna 100 faiz köklənib, rəqibdən daha çox qaçmalıyıq. Çox ağır rəqibə qarşı oynayırıq. Fiziki cəhətdən güclüdürlər.