AMADA-nın fəaliyyəti fərqləndirilib

  AMADA-nın fəaliyyəti fərqləndirilib

Beynəlxalq Test Agentliyi (İTA) "Paris-2024" Yay Olimpiya Oyunları öncəsi milli Olimpiya komitələri üçün təmiz idman üzrə təlimat dərc edib.

Mediasport.az xəbər verir ki, təlimat Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşlığı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) dəstəyi ilə hazırlanıb.

Təlimatda İTA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb. Həmin təşkilatlar arasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də yer alıb.

AMADA-nın Təhsil şöbəsinin fəaliyyətinə geniş yer verildiyi təlimatda təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması milli Olimpiya komitələrinə nümunə kimi göstərilib.

Həmçinin, təlimatda AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da əyani surətdə təqdim olunub.

AMADA 2023-cü ildə 3 min nəfəri əhatə edən təhsil proqramları çərçivəsində 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirib.