"Araz Naxçıvan" Azərbaycan futbol tarixində üçüncü komanda oldu

"Araz Naxçıvan" Azərbaycan futbol tarixində üçüncü komanda oldu

“Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb.

mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda olub. Bu, I Divizionun XXII turunun “Turan Tovuz-2” ilə səfər oyununda baş verib. Qonaqlar 6:5 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və I Divizion), kubokunun və Superkubokunun oyunlarında belə hadisə yaşanmamışdı.

Tovuz şəhər stadionundakı qarşılaşma Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu 6-cı görüş kimi düşüb. Bunadək bir dəfə Premyer Liqa (əvvəlki güclülər dəstəsi), dörd dəfə I Divizion (əvvəlki birinci dəstə) belə qarşılıqlı məhsuldarlıq qeydə alınıb. Həmin oyunların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxanların heç biri qalib gəlməyib. Yüksək liqadakı görüş 6:6, digərləri eyni – 5:5 hesabı ilə nəticələnib.


1998/99. “Viləş” – “Turan” – 6:6

2007/08. “Abşeron” – “ANŞAD-Petrol” - 5:5

2013/14. “Karvan” – MOİK - 5:5

2015/16. “Zaqatala” – “Şərurspor” - 5:5

2018/19. “Səbail-2” – “Sumqayıt-2” – 5:5

11 qolun vurulduğu matç həm də mövsümün rekordu ilə yadda qalıb. Bunadək ən məhsuldar görüş 2022-ci il sentyabrın 14-də keçirilən “Zaqatala” – “Səbail-2” qarşılaşması idi – 5:4.

“Turan Tovuz-2” – “Araz Naxçıvan” qarşılaşması PFL-in tarixində 3-cü ən məhsuldar oyundur. 2008-ci ildən ölkə çempionatının iki liqası, kuboku və Superkubokunun təşkil edən qurumun bayrağı altında yalnız 2 dəfə daha çox qol vurulub. Hər iki matç bu dəfə olduğu kimi I Divizionda baş tutub. Bu qarşılaşmaların birində 14, digərində 12 top qeydə alınıb.


2016/17. “Səbail” – “Bakılı” – 11:3

2015/16. “Energetik” – “Neftçala” – 0:12