Qurban Qurbanov: "Dedim ki, 100 manat bonus olacaq, güldülər"

Qurban Qurbanov: "Dedim ki, 100 manat bonus olacaq, güldülər"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Bəzi fikirlərimiz var idi. Meydanda bunlardan istifadə etməyi çox istəyirdik".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 12-ci turunun "Kəpəz"lə oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis komandasının 7:1 hesablı qələbəsini şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Çox olmasa da, alınan epizodlar oldu. Son vaxtlar komandada psixoloji gərginlik var idi. Amma toparlana bilmişdik. Komandamı təbrik edirəm. Azərə və "Kəpəz"ə uğurlar arzulayıram.

 Andrey Lunyov və Mateus Silvanın "Bayer"ə qarşı oynamaq şansı var?

- Mateus tam hazır olmayacaq. "23-lük"də yer ala bilər. Amma Lunyovun hazır olma ehtimalı çoxdur. Sabahdan komanda ilə məşqlərə başlayacaq. Görək, həkimlər nə deyəcək.

"Kəpəz" ən titullu klublarımızdandır. Onların hazırkı durumu sizə necə təsir edir?

- Turnir cədvəlinə baxanda, əlbəttə, xoş deyil. Amma futbolda belə nəticələr olur. Bundan sonra uğurlu oyun oynasalar, hər şey tam əksinə ola bilər. Azərə inanıram. Tez bir zamanda Allah qoysa, yaxşı nəticələr əldə etməsi gözlənilir. İlk matçda onlarla 1:1 oynamışdıq, "Kəpəz" "Neftçi"yə qalib gəlmişdi, "Sabah"la bərabərə qalmışdı. Çempionluq uğrunda oynayan komandalardan xal alıblar. Deməli, onların potensialı var. Uğursuzluq zolağıdır, çıxacaqlar.

Yassin Benzia ilk het-trikinə imza atdı.

- Futbolçu nə qədər çox qol vursa, asist etsə, ona inam verir, həvəsləndirir. Bura gələnə qədər paltardəyişmə otağında onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Amma bir az çox mükafat verəcəm. Het-trik etməyin hansısa futbolçuya müsbət təsiri olur, kiməsə mənfi. Amma Benzia təcrübəlidir. Onun yaxşı formaya düşməsi üçün qolların faydası olacaq. Təbrik edirəm onu.

Zədəliləriniz bu mövsüm daha çox olur. Bu, sizi düşündürür, nəsə bir səbəbi var?

- Səbəbi yoxdur. Sadəcə, yüklənmələr çoxdur. Hansısa dözür, hansısa yox. Bu mövsüm ciddi zədə Marko Veşoviçdə olub. Abbas Hüseynov ötən mövsümdən zədəli idi. Digər zədəlilərimiz qaydasına düşür. Mateus da sabahdan komandaya qoşulacaq. Futbolun yazılmayan qaydalarıdır. Ya hazırlıqsızlıqdan olur, ya da yüklənmədən. Birinciyə görə olsaydı, narahat olardım. Amma yüklənmələrdəndir. İşimizi daha da ehtiyatlı tutmalıyıq. Bəzən risklərə də gedirik.

Qarşıda sizi "Bayer"lə oyun gözləyir. Komandadan səfərdəkindən daha yaxşısını gözləmək olar?

- Güc olaraq "Bayer" bizdən çox yuxarıdadır. Çempionat və heyəti, klub olaraq çox ciddi addımlar atıblar. Nəticəsini də görürlər. Dəfələrlə istəmişik ki, belə rəqiblərə qarşı yaxşı oynayaq. Bizim də buna şansımız var. Bakıda doğma stadionumuzda oradakı matçdan daha yaxşı oynamağa çalışacağıq. Bu cür komandalar istənilən matça nəticəni təmin etsələr də, tam ciddi yanaşırlar. Ciddi oyun gözləyir bizi. Çox istəyirik ki, bu rəqibə qarşı daha aktiv, daha yaxşı oyun göstərəək. Rəqib nə qədər buna imkan verəcək, bunu da nəzərə alacağıq. İnanıram ki, oradakı oyundan daha yaxşısını Bakıda göstərəcəyik.