Azərbaycan Afrika ölkələrində badmintonun inkişafına dəstək olacaq

Azərbaycan Afrika ölkələrində badmintonun inkişafına dəstək olacaq

Azərbaycan Badminton Federasiyası (ABF) Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə Afrikada badmintonun inkişafına dəstək layihəsinə başlayıb.

mediasport.az xəbər verir ki, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Dünya Badminton Federasiyası (BWF) və ABF-nin rəhbər heyəti arasında görüş olub. Dünya Badminton Federasiyasının illik toplantısı çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

ABF-nin prezidenti Taleh Ziyadov və Dünya Badminton Federasiyasının prezidenti Poul-Erik Hoyer Larsen arasında imzalanan razılaşmaya əsasən, ABF Afrikada badmintonun inkişafına dəstək olacaq.

Layihənin əsas məqsədi Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə nail olmaqdır.

Layihə çərçivəsində ABF Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada idmanın bu növünün inkişafına töhfə verəcək. Müqaviləyə əsasən, Azərbaycan Badminton Federasiyası qeyd olunan ölkələrin badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz edəcək.