Azərbaycan klubunun prezidenti ərizəsini yazib istefa verdi

 Azərbaycan klubunun prezidenti ərizəsini yazib istefa verdi

Hüquq-mühafizə orqanlarının nəzarətində olan "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev tutduğu vəzifədən istefa verib.

Mediasport.az saytına verilən məlumata görə, aylardır adı qalmaqalda hallanan 1-ci Liqa təmsilçisinin rəhbəri ərizəsini yazıb.

Onun klubun təsisçiliyindən də imtina etdiyi bildirilir. Komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Xatırladaq ki, "İrəvan" bir neçə ay əvvəl məşqçilərə və futbolçulara maaş verməməsi ilə gündəm olmuşdusa, sonra daha pis vəziyyətlə "ad çıxardı".

Çox oyunçusu əmək haqqı ala bilmədiyi üçün düşərgəni tərk edən komandanın daha bir neçə futbolçusu danışılmış oyunlarda iştirak etdiyi üçün cəzalandırıldı.

Fəhmin Muradbəyli və Ege Atlam futboldan ömürlük uzaqlaşdırılıb, Kamal Mirzəyevlə Ramin Məhərrəmli isə 1 ili şərti olmaqla 2 il futbola aid işlərlə məşğul ola bilməzlər.

AFFA və hüquq-mühafizə orqanları hazırda UEFA-dan gələn siqnal əsasında "İrəvan"ın 18-ci tur çərçivəsində MOİK-lə səfər oyununun nəticəsini araşdırır.

Rəsmi məlumata əsasən, görüşdə 4 qolun vurulmasına külli miqdarda pul qoyuluşu edilib (4:0).