20 illik aradan sonra bölgəyə qayıdan futbol - FOTOREPORTAJ

20 illik aradan sonra bölgəyə qayıdan futbol - FOTOREPORTAJ

AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Həvəskarlar Liqasında 25-ci çempionata start verilməsilə böyük futbol 20 illik fasilədən sonra Şirvan şəhərinə qayıdıb.

Şəhərin eyniadlı komandasının uzun illər aradan sonra ilk rəsmi ev qarşılaşması Ağcabədinin "Olimpiya" kollektivi ilə olub.

Görüşdə şəhərin idman ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Matç torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Futbolçular və hakimlər meydana şəhidlərin övladları və üzərində qəhrəmanlarımızın fotoları olan maykalarda çıxıblar.

Şəhər idman ictimaiyyətinin üzvləri, şəhid valideyni çıxış edərək ürək sözlərini bildirib, komandalara uğurlar arzulayıb.

"Şirvan OİK" doğma meydanda azarkeşlərin dəstəyindən yararlanaraq mövsümə və böyük həsrətə qələbə ilə son qoyub - 4:3.

Oyunu 1000-ə yaxın azarkeş izləyib.


Mediasport.az

Fotolar Samir Ələskərova məxsusdur