Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam"

 Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam"

"Qitənin ən mötəbər turniri olan Avropa çempionatına UEFA nümayəndəsi qismində təyinat almaq mənim üçün çox qürurverici haldır".

Mediasport.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında Almaniyada keçiriləcək Avropa çempionatına təyinat alan AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, UEFA nümayəndəsi kimi fəaliyyət göstərdiyi hər bir oyun onun üçün böyük təcrübə olub: "İndiyə qədər rəsmi matçlarda topladığım təcrübə və biliklərdən faydalanaraq, “Avro-2024"ün qarşılaşmalarında Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm".

2015-ci ildən UEFA-nın oyun və turnirlərində fəaliyyət göstərdiyini xatırladan K.Mehtiyeva indiyə qədər 95 görüşdə qitə futbol qurumunun nümayəndəsi kimi iştirak etdiyini vurğulayıb:

"Bunlara Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasının seçmə və qrup mərhələləri, dünya və Avropa çempionatı, həmçinin, UEFA Millətlər Liqası, U-19 və U-17-lər arasında Avropa çempionatlarının seçmə mərhələ oyunları daxildir. Əlavə olaraq qeyd edim ki, 2021-ci ildə İsveçdə keçirilən qadınlar arasında Çempionlar Liqasının final oyununda UEFA nümayəndəsi kimi fəaliyyət göstərmişəm".

Qeyd edək ki, Könül Mehtiyeva “Avro-2024”ün qrup mərhələsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Bununla da ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iş başında olacaq.