Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib

Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə cüdo idman növündə kata üzrə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.

Mediasport.az xəbər verir ki, yarışda 12 cütlük (Tori və Uke) medallar uğrunda mübarizə aparıb. 

Cüdoçular yalnız Katanın “Nage no Kata” növündə fəndləri nüməyiş etdirib. 

Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak edib.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birincilinin təltifetmə mərasimində çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıb və qalib olan idmançıları təbrik edib:

 “Kata üzrə bu cür yarışların təşkil edilməsi, cüdo idman növünün daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə Azərbaycan cüdoçularının beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə Azərbaycan cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək”.

Rəşad Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akedemiyasının məzunları olmasını xüsusi qeyd edib:

“Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə qurulmuş əməkdaşlıq əlaqələri öz nəticələrini verir”.

TCF-nın Təhsil Direktoru, ACB-nin Kata Komissiyasının üzvü Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb:

“Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasını gətirib çıxaracaq”.


Medalçılar


Qızıl medal 

Sadiq Abdullayev (Tori) 

Rəcəb Əkbərov (Uke) 


Gümüş medal 

Cavanşir Comərdov (Tori) 

Fazil Hüseynov (Uke)


Bürünc medal 

Ayxan İslamlı (Tori) 

İsmayıl Rəhimli (Uke) 


Bürünc medal 

Rəsul Əmirzadə (Tori) 

Elvin Məmmədov (Uke) 


5-ci yer 

İsa Allahverdiyev (Tori) 

Hüseyn Vəliyev (Uke) 


5-ci yer 

Zidan Bəşirov (Tori) 

Tunar Cəfərov (Uke)