"Sabah"da "transfer əməliyyatı" başlandı: 2 yeni anlaşma, 1 vida
Avrokubokların astanasında olan "Sabah" transfer çalışmalarına artıq start verib.
Mövsümün başa çatmasını gözləməyən Masazır təmsilçisi müqaviləsi bitmək üzrə olan bəzi futbolçularla danışıqlar masasına keçib.
"Bayquşlar" baş məşqçi Krunoslav Renduliçin istəyi üzərinə hələlik iki futbolçu ilə əməkdaşlığı uzatmağa dair razılıq əldə ediblər, bir oyunçuya isə "özünə komanda tap" mesajı çatdırılıb.
2022-ci ilin əvvəlindən qəsəbə təmsilçisinin formasını geyinən serbiyalı cinah futbolçusu Boyan Letiç və həmin ilin yayından "Sabah"da çıxış edən ispaniyalı müdafiəçi Yon İrasaballa yeni müqavilə razılaşdırılıb.
Düşərgəyə 2022-ci ilin yayında qoşulmuş daha bir futbolçu - nigeriyalı forvard Emmanuel Apehə isə ehtiyac duyulmayıb. Əsas heyətdə yerini çoxdan itirmiş 28 yaşlı hücumçu ilə bu yay başa çatacaq müqavilə yenilənməyəcək.
Mediasport.az