Suqovuşanda “Prezident Kuboku-2024”ün açılış mərasimi keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib ki, əvvəlki illərdən fərqli olaraq, budəfəki yarışda daha çox ölkənin idmançıları iştirak edirlər. Nazirlik rəsmisi "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan avarçəkəni Diana Dımçenkonu da təbrik edib.
Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının baş katibi Fərhad Əliyev tarixi torpaqlarda bu cür yarışın keçirilməsinin böyük uğur olduğunu vurğulayıb.
Suqovuşanda start götürən reqatanın beynəlxalq səviyyəli yarış olduğunu xatırladan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin davamlı olmasını arzulayıb.
Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkədən 30-a qədər komanda iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 2-3-də Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 3-də Mingəçevirdə yarışın bağlanış mərasimi olacaq. Əvvəlcə qaliblər mükafatlandırılacaq, kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Reqataya atəşfəşanlıqla yekun vurulacaq.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.