"Yerli idmançılarımızın sayı çoxalır, inanıram ki, növbəti Olimpiadada lisenziyalarımız daha çox olacaq"
"Gələn il iştirakçıların sayının daha çox olacağına ümid edirəm. Bu cür yarışların keçirilməsi Azərbaycan idmanı adına müsbət məqamdır".
Mediasport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatası barədə təəssüratlarını bölüşüb:
"İştirakçı ölkələrin sayının artması böyük uğurdur. Belə olanda mübarizə də qızışır. Çox gözəl təşkilatçılıq var. Mingəçevirlə yanaşı, digər bölgələrdə də bölmələr yaradılacaq. Əlimizdən gələni edəcəyik ki, avarçəkmə Azərbaycanda daha yüksək səviyyədə inkişaf etsin. Yeri gəlmişkən, Diana Dımçenkonun sayəsində bu idman növündə "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyamız var. İnanıram ki, növbəti Olimpiadada lisenziyalarımızın sayı artacaq”.
F.Qayıbov Paris Olimpiadasında iştirak hüququ əldə edən Azərbaycan idmançılarının şansları barədə bunları deyib:
"Lisenziya sayı daha çox ola bilərdi. İdmançılarımız yenə də mübarizə aparırlar. Bir neçə idman növündə müəyyən proseslər gedir və qısa zamanda tamamlanacaq. Bir az çətindir. Çünki bu, yeni nəslin gəlməsi ilə bağlıdır. Yerli idmançılarımızın sayı çoxalır. İnanıram ki, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacağıq".