Azərbaycan "Qarabağ" sayəsində UEFA reytinqində Rusiyanı keçib
Avrokuboklarda təmsilçimiz “Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti xalları qazandıraraq ölkəmizin sıralamadakı mövqeyini bir addım da irəli çəkib.
Mediasport.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda "Hekken"i (İsveç) 2:1 hesabı ilə məğlub edən Ağdam klubunun zəfəri sayəsində reytinqimizə yazılan 0,500 əmsal Rusiyanı geridə qoymağımızla nəticələnib.
Azərbaycanın aktivində cari mövsüm 4,875 əmsal toplanıb. Son 5 mövsümdə ümumi xalların sayını 19,125-ə çatdıran "köhlən atlar"ın sayəsində ölkəmiz reytinqdə 28-ci pilləyə yüksəlib.
Dünənki avrokubok oyunlarından sonra Yunanıstan, Macarıstan, Danimarka, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovina irəliləyib, Serbiya, Norveç, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteyn geriləyib.
Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) üçüncü pillədə qərarlaşıb.