"Həmişəki fikrimdə qalıram, keyfiyyət sonda öz sözünü deyir"
"Düzünü desəm, turnirdən öncə qeyd etmişdim ki, İngiltərə və Fransa finalda üz-üzə gələcəklər. Amma xüsusilə də, İngiltərə düşündüyüm, gözlənilən futbolu oynamır".
Bunu Mediasport.az saytına açıqlamasında Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis hazırda Almaniyada davam edən Avropa çempionatı haqqında fikirlərini bölüşüb. O, oyunların çox maraqlı keçdiyini bildirib:
"Məncə, finalçılardan biri İspaniya olacaq. Bütün qarşılaşmaların sonunu maraqla gözləyirik. Sürprizlərin də qeydə alına biləcəyi çempionatdır. Amma həmişəki fikrimdə qalıram, keyfiyyət sonda öz sözünü deyir. Almaniya da finalçı ola bilər. Sona qədər bizi çox maraqlı oyunlar gözləyir".
Xatırladaq ki, 17-ci qitə birinciliyində sabah 1/4 finala start veriləcək.