Belarus klubu Bakıda keçmiş "Qarabağ"lının vasitəsilə məskunlaşdı

Belarus klubu Bakıda keçmiş "Qarabağ"lının vasitəsilə məskunlaşdı

Məlum olduğu kimi, futbol üzrə UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Dinamo" (Belarus) - "Jelezniçar" (Bosniya və Herseqovina) oyunu iyulun 20-də Bakıda - Suraxanıda yerləşən "Azərsun Arena"da təşkil olunacaq.

MediaSport.az Belarus klubunun artıq bir həftə öncədən Bakıya səfər etməsi barədə xəbəri dünən paylaşıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, UEFA-nın Rusiya-Ukrayna müharibəsində birincilərə dəstək səbəbilə ev oyunlarından məhrum etdiyi Minsk təmsilçisinin Azərbaycana gəlişinin texniki tərəflərinin təşkilatçılığını futbolsevərlərə tanış sima - "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun rəhbəri olduğu "CanSports" turizm şirkəti həyata keçirib.

Şirkət qonaqların Bakıda otelə yerləşdirilməsi və.s. kimi texniki məsələləri üzərinə götürüb. "Dinamo" iyulun 14-dən Bakıda məskunlaşıb. Oyunun təşkilati məsələləri isə AFFA-ya məxsusdur.

Qeyd edək ki, matç azarkeşsiz keçiriləcək. Cütün qalibi II təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq. Tərəflər arasında  iyulun 13-də Sarayevoda baş tutmuş ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.