"Braqa" üçün bədbin STATİSTİKA - "Bakıda yalnız tarix yazmalıdırlar"
UEFA Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab görüşünə hazırlaşan "Braqa" haqqında Portuqaliya mətbuatında maraqlı statistik yazı dərc olunub.
Materialda qeyd edilib ki, Artur Jorjenin baş məşqçisi olduğu komanda tarixi boyu heç vaxt avrokubokların ilk matçında buraxdığı iki qolun revanşını ala, mərhələ adlaya bilməyib.
Məqalə "Braqa Avropa Liqasında 1/8 finala yüksəlmək istəyirsə, cümə axşamı Bakıda tarix yazmalı olacaq" başlıqlı giriş hissəsi ilə yazılıb:
"Bir qoldan çox məğlubiyyət aldıqları 12 matçda "Braqa" həmişə "yıxılıb". Nəzərə alaq ki, bu dəfə məğlubiyyət iki topla olub və üstəlik, cavab görüşü çətin səfərdə - "Qarabağ" üçün doğma meydanda keçiriləcək. Bu mənada Jorjenin komandası görünməmiş bir şey etməlidir".
Portuqaliya mətbuatı "Braqa"nın evdə 2 top fərqlə uduzduğu görüşlərdən sonra səfərdə bir neçə dəfə qalib gəldiyini yazır. Lakin komandanın ümumi məğlubiyyətə revanş aldığı fakt yoxdur. Bu qələbələr yalnız 1 top fərqlə əldə edilib ki, nəticədə mərhələdən kənar qalan "topçular" olublar.
Qeyd edək ki, "Qarabağ" - "Braqa" cavab dueli fevralın 22-si, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Mediasport.az, "O`Jogo"