"Braqa" ilə oyunda çox şey "Qarabağ"ın özündən asılı olacaq"
"İlk qarşılaşma olduğunu nəzərə alsaq, "Qarabağ"ın taleyi özü oyunundan asılı olacaq. Meydanda özlərini necə hiss etsələr, oyun üslubları ilə diqtə etməyi bacarsalar, səfərdən sərfəli nəticə ilə qayıdacağıq. Edə bilməsələr, hər şey çox çətin olacaq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol eksperti Ceyhun Sultanov deyib.
Azərbaycan millisinin sabiq futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" - "Qarabağ" matçı ilə bağlı fikirlərini bölüşüb:
"Ümumiyyətlə, Portuqaliya komandalarının hamısı sürətli futbolu xoşlayırlar. Düşünürəm ki, "Qarabağ" topu özündə saxlamalıdır. Əgər təmsilçimizdə top itkiləri çox olsa, qapımızda qol görmək ehtimalı da çoxdur. Çünki rəqib topu alan kimi dərhal sürətli hücuma keçəcək. Çox şey "Qarabağ"ın özündən asılı olacaq".
"Neftçi"nin keçmiş İdman direktoru səfərdə "köhlən atlar"ın matça dominantlıq etməsinin çətinliyindən danışıb:
"Bu, asan alınmayacaq. Amma bilirik ki, "Qarabağ" topla oynamağı, meydanda üstünlük əldə etməyi xoşlayır. Liqalarımız arasında çox fərq var. Ona görə çox çətin görüş olacaq. Düzdür, biz "Qarabağ"dan həmişə qələbə gözləyirik. Püşkdə "Çelsi" və ya "Borussiya" da (Dortmund) düşəndə komandamızın onları üstələyəcəyini deyirik, inanırıq, yaxşı nəticə gözləyirik və.s. İndi də eyni fikirdəyəm. "Qarabağ" hazırda yaxşı formadadır və yaxşı futbol oynayırlar".
"Braqa" - "Qarabağ" matçı fevralın 15-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bir həftə sonra Bakıda cavab dueli baş tutacaq.
Rövşən Əli