Bakı kənd və qəsəbələrinin çempionu müəyyənləşdi
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub.
mediasport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən medal qarşılaşmalarında əvvəlcə meydana Binə və Mehdiabad komandaları çıxıb.
3-cü yer uğrunda keçirilən bu oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penalti zərbələrində daha dəqiq olan Mehdiabad futbolçuları turnirin bürünc medalını qazanıblar.
Finalda isə Yeni Suraxanı komandası Sabunçunu 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Turnirin ən yaxşı oyunçusu Rəhim Hüseyn (Yeni Suraxanı), ən yaxşı qapıçısı isə Rinat Ataxanov (Sabunçu) seçiliblər. Yarışın bombardiri mükafatına isə Nicat Qardaşov (Binəqədi, 11 qol) layiq görülüb.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev, Bakı Abadlıq Xidmətinin direktor müavini Vüqar Müfid-zadə, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev təqdim ediblər.
Mükafatlandırma mərasimində ilk üç yeri tutan komandaların üzvlərinə medal və diplomlar təqdim olunub. Nazir Fərid Qayıbov qalib komandaya turnirin baş mükafatı olan xüsusi kuboku təqdim edib.
Turnirdə iştirak edən bütün uşaqlara “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.
Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilən yarışlarda Bakının 32 kənd və qəsəbəsinin futbol komandası oktyabrın 8-dən noyabrın 13-dək mübarizə aparıb. 350-dən çox 2010-2011-ci il təvəllüdlü uşaqların qoşulduğu turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.