"Hər bir futbolçumuz qəhrəmandır - Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik"
“Komandamın hər bir futbolçusu, heyətin hər bir üzvü mənim üçün qəhrəmandır. "Qarabağ"ın futbolçuları ilə qürur duyuram".
Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun rəhbəri dünən Xorvatiyada "Dinamo" (Zaqreb) klubuna 0:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə təəssüratlarını bölüşüb:
"Onlarla qürur duyuram. Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyif ki, şans bizim tərəfimizdə olmadı. Azərbaycan klubunun Avropanın futbol ölkəsi sayılan Xorvatiya çempionuna qarşı sərgilədiyi oyun, rəqibdən çəkinməməsi, qorxmadan həmişə hücuma keçməsi kimi dəyərlər bizi çox qürurlandırdı. Mən komandamın yanında idim. “Qarabağ” klubunun bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu “Qarabağ”lı olmaq və “Qarabağ”la yaşamaq lazımdır”.
İşləri ilə əlaqədar cavab qarşılaşmasını izləyə bilməyəcəyini deyən Tahir Gözəl heyətin gücləndirilməsi barədə bunları qeyd edib:
“Mən hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun lazım olan transferləri gerçəkləşdirməyə hazıram. Təəssüflənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacağam. Mənim də öz öhdəliklərim var və COP-29-la bağlı görüşlər çərçivəsində ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun göstərəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq”.
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.