"Braqa"ya qarşı matçda müdafiədə buraxılacaq səhvlər faciəyə səbəb ola bilər, arxayınlaşmaq olmaz"
"Qarabağ" səfərdə 4:2 hesablı inamlı qələbə qazansa da, arxayınlaşmaq olmaz. Çünki Çempionlar Liqası, Avropa Liqası və.s. kimi yarışların qrup mərhələləri və ondan sonrakı raundlarda ən güclü komandalar çıxış edirlər".
Bu sözləri Mediasport.az saytına açıqlamasında məşqçi Tərlan Əhmədov deyib.
53 yaşlı mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində sabah Bakıda "Braqa"nı qəbul edəcək "Qarabağ"ın şanslarını dəyərləndirib.
Tərlan Əhmədov Portuqaliya klubunun kifayət qədər güclü rəqib olduğunu vurğulayıb:
"Heç vaxt oyun oyuna bənzəmir. Məsələn, "Qarabağ" Portuqaliyada 4:2 hesablı qələbə qazanıb. Eyni nəticəni Bakıda "Braqa" da göstərə bilər. Çünki komandaların gücləri bərabərdir. "Qarabağ" səfərdə yaxşı təzyiq göstərdi, keyfiyyətli əks-hücumlar qurdu. Bilirik ki, komandamız əks-həmlələrdə hər zaman güclüdür. Vurduğu qolların çoxu da elə bu zaman qeydə alınır. Azərbaycan çempionatında da belədir".
Azərbaycan milli komandasının veteran futbolçusu "Qarabağ"ın son matçlarda çox qol buraxmasını qabardıb:
"Əvvəlki qarşılaşmalarda da, demək olar ki, hər oyun qol buraxırdılar. Ancaq təkcə "Sabah"la son 3 matçı qeyd edəcəm. Ümumilikdə 8 top buraxdılar. Portuqaliyada da qapımızda 2 qol gördük, daha bir neçə epizod oldu. Yəni, müdafiədə bəzi boşluqlar var. "Qarabağ" hücumlara, əks-hücumlara daha çox üstünlük verdiyi üçün arxa xətdə boşluqlar yaranır. Düzdür, "Braqa" ilə sabahkı oyunda taktikanı dəyişəcəklərinə inanmıram. Fikrimcə, rəqib əsasən standart vəziyyətlərdə təhlükəlidir. Buna diqqət etmək daha məqsədəuyğun olar. Xüsusilə ilk dəqiqələrdə səhvə yol vermək olmaz. Müdafiədə buraxılacaq səhvlər faciəyə səbəb ola bilər".
Hazırda işsiz olan mütəxəssis bildirib ki, Qurban Qurbanov sabahkı matçda hansı taktikaya üstünlük verəcəyini çox yaxşı bilir:
"Braqa" güclü heyətə malik yaxşı komandadır, Bakıda tam fərqli oyun nümayiş etdirəcəklər. "Qarabağ" adətən səfər oyunlarında uğurlu çıxış edir, evdə bəzən məğlubiyətlər qeydə alınıb. Onların klub rəhbərliyinin, məşqçilərinin, futbolçularının açıqlamalarını, müsahibələrini oxuyuruq - revanş almaq istəyəcəklər. Komandanın heyətinin çoxu Portuqaliya millisinin futbolçularıdır, onların çempionatının səviyyəsi bizimkindən qat-qat fərqlidir.
"Benfika", "Sportinq" və ya "Portu"nun adını çəkmək olar ki, "Braqa" il ərzində bu komandalarla başabaş mübarizə aparır. Bu klubların avrokuboklarda da necə çıxış etdiklərini yada salmaq kifayətdir. Yəni, istər-istəməz səviyyə fərqi var. Hər halda Qurban Qurbanov bunların hamısını analiz edib, bilir. Məncə, belə komanda ilə açıq futbola getmək olmaz. "Braqa" ilk dəqiqələrdən təzyiq göstərib qol və qollar vurmağa çalışacaq. Deyə bilərəm ki, çox maraqlı, aqressiv, sürətli oyunun şahidi olacağıq. "Qarabağ"ın düzgün, yaxşı oyunla bizi sevindirəcəyinə, tarixi uğura imza atacağına inanıram".
Xatırladaq ki, "Qarabağ" - "Braqa" matçı sabah saat 21:45-də başlanacaq.