Bu il yüksək nəticələr əldə etmiş güləşçilər mükafatlandırılıb
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva 2023-cü ildə keçirilmiş dünya və Avropa çempionatında, hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşüblər.
Mediasport.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırması qeyd edilib.
Bildirilib ki, bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Güləş Federasiyasının fəaliyyəti bu idman növünün inkişafını daha da stimullaşdırır, kütləviliyini artırır.
2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpası ilə yadda qaldığı vurğulanıb. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Ali Baş Komandan tərəfindən bayrağımızın ucaldıldığı məhz bu ildə güləşçilərimizin dünya və Avropa çempionatlarında qazandığı uğurlar, beynəlxalq arenalarda əldə olunan qələbələr xalqımız və Azərbaycanın idman ictimaiyyəti üçün ikiqat əlamətdardır.
Azərbaycan Güləş Federasiyası 2023-cü ildə dünya və Avropa çempionatlarında ən çox medal qazanan idman federasiyası olub. Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu olub. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz böyüklər arasında dünya çempionatında 2, Avropa çempionatında isə 5 qızıl medal qazanıb.
2024-cü il Olimpiada ili olduğu üçün böyük önəm kəsb edir. Olimpiya Oyunlarına mümkün qədər çox lisenziyanın qazanılması, 4-7 apreldə Avropa Olimpiya Təsnifat turnirinin və 20-26 mayda isə U-23 Avropa çempionatının Bakıda yüksək səviyyədə təşkil edilməsi və avqustda Fransada keçiriləcək Paris-2024 Olimpiadasında qələbələr qazanmaq qarşıda duran əsas hədəflərdir. Azərbaycan Güləş Federasiyası tərəfindən bütün zəruri tədbirlərin görüləcəyi bildirillib və qarşıdan gələn ildə güləşçilərə və məşqçilərə uğurlar arzulanıb.
Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, AGF İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumov çıxış edərək qazanılan uğurlardan danışıblar.
2023-cü ildə Avropa çempionatlarında 22-si qızıl, 20-si gümüş, 30-u bürünc olmaqla 72 medal, dünya çempionatlarında isə 5-i qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 29 medal qazanılıb. Ümumilikdə Avropa və dünya çempionatlarında güləşçilərimiz 101 dəfə (27 qızıl, 31 gümüş, 43 bürünc) fəxri kürsüyə qalxıb.
Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə bu ilin 29 noyabr – 2 dekabr tarixlərində Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında 11 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edilib. Sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci, yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə 2-ci yeri tutub.
Ümumilikdə 2023-cü ildə güləşçilərimiz beynəlxalq yarışlarda 267 medal (76 qızıl, 75 gümüş, 116 bürünc) qazanıb.
Tədbir çərçivəsində hərbçilərin 36-cı dünya çempionatında iştirak etmiş güləşçilər, məşqçilər, hakimlər və digər şəxslər təltif edilib.