"Hər şey ani dəyişəsi deyil, işimiz çoxdur"
Premyer Liqanın 8-ci turunun "Sumqayıt" - "Kəpəz" (0:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov media qarşısına çıxıb.
MediaSport.az xəbər verir ki, kluba ikinci gəlişindən sonra debüt edən mütəxəssis yeni təhvil aldığı "Sumqayıt"da görüləcək işlərin çox olduğunu deyib.
"Oyuna baxanda, üstünlük zaman-zaman hər iki tərəfdə olurdu. Qarşılaşmanın gedişində həm qalib gələ, həm də məğlub ola bilərdik. Heç 10 gün deyil birlikdəyik. İşimiz çoxdur. İnşallah, bunun öhdəsindən gəlməyə çalışacağıq. Gözləntilərin böyük olduğunu başa düşürəm. Hər şey anidən dəyişəsi deyil. Buna vaxt lazımdır. Futbolçularıma əzmkarlıqlarına və sona qədər döyüşdüklərinə görə təşəkkür edirəm".
"Gənclik şəhəri" təmsilçisi 8 turdan sonra 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda bu mövsüm cəmi 1 qol vurub.