Yığmanın keçmiş üzvü: “Çempion olacaqlarını düşünmürəm”
Futbolçu karyerası boyunca yalnız "Mançester Yunayted"də oynamış (19 il - 1992/2011) Qari Nevill “Liverpul”un 2023/24 mövsümündə İngiltərə Premyer Liqasında çempionluq şanslarını dəyərləndirib.
Mediasport.az xəbər verir ki, İngiltərə milli komandasının sabiq üzvü, hazırda şərhçi çalışan veteran “qırmızılar”ın güclü baş məşqçiyə sahib olduqlarını deyib.
Lakin Nevill Liverpul klubunun çempionluq şanslarını yüksək qiymətləndirməyib: “Komandanın əla qapıçısı və qollar vura bilən hücumçuları var. Onlarda əsas problem yarımmüdafiə və müdafiə xətti ilə bağlıdır. Ona görə çempion olacaqlarını düşünmürəm. Mənə elə gəlir ki, çempionluq uğrunda əsas mübraizə yenə də “Arsenal” və “Mançester Siti” arasında olacaq".
Qeyd edək ki, Yürgen Kloppun 2015-ci ildən baş məşqçisi olduğu "mersisaydlılar" hazırda Premyer Liqada 8 turdan sonra 17 xalla 4-cü pillədə qərarlaşıblar. Lider "Tottenhem" və "Arsenal"dan 3 xal geri qalırlar.