"Çox istəyərdim ki, futbola aid sahələrdə öz kadrlarımız yetişsin"
"Qarabağ" UeFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda Cəbəllütariqin "Linklon" klubunu 5:0 hesabı ilə məğlub edib.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb.
Olimpiya çempionu olan cüdoçu Hidayət Heydərova təbriklərini çatdıran mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Əvvəlcə Olimpiya çempionumuz Hidayəti təbrik edirəm. Baxırdıq, zövq aldıq ki, belə idmançımız var. Hidayət Heydərovun ailəsinə təşəkkür edirəm ki, belə övlad böyüdüblər. Olimpiya oyunlarındakı bütün idmançılarımıza da uğurlar arzulayıram. Öz komandama gəldikdə, təbrik edirəm. Qələbə öz yerində, çox səliqəli, intizamlı oyuna görə təşəkkürümü bildirirəm. Oyun intizamını qoruyub-saxladıq. Bu, qarşıdakı matçlarda bizə çox vacibdir. Azarkeşlərimizə təşəkkürlər edirəm, sayları çox idi. Avrokuboklarda oynayan digər klublarımıza da uğurlar arzulayıram.
"Sabah"ın sabiq ukraynalı futbolçusu Aleksey Kaşşuk da stadionda idi. Onu "Qarabağ"da görə bilərik?
- Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün gəlibsə, bilmirəm. Mənim məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib.
Yəqin ki, növbəti mərhələdə qarşılaşacağınız "Ludoqores" və ya Minsk "Dinamo"sunun oyunlarına baxmısız. Hansı rəqib sizə daha uyğundur?
- Bəli, oyunlarına baxmışam. Hansı rəqib düşsün deyə düşünməmişəm. Hər bir halda ikisi də rəqibimiz ola bilər. Onlar haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. "Ludoqores" hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma "Dinamo"nun aqressiv, aktiv, cavan oyunçuları çoxdur. Çox istəklidirlər. Hər iki komandanın öz özəliyi var. Gözləyək ki, hansı rəqib olacaq.
Premyer Liqada yeni mövsüm də başlayır. Öz komandanızdan, rəqiblərdən, çempionatdan nə gözləyirsiz?
- Bəli, dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olur. Çalışırıq ki, liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunları itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. "Linkoln"la oyunlarda bəzi futbolçularda yorğunluq var idi. Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq.
Mövsüm yeni başlayıb. Sizcə, bu iki matça baxanda, oyun planında hansı müsbət dəyişikliklər var?
- Avrokuboklara ilk mərhələdən başlamadıq. Futbolçular psixoloji cəhətdən daha hazırlıqlıdır. Ola bilər ki, bəzi oyunçuların təcrübəsi daha da çoxaldı. Xüsusilə də, cavan oyunçularımızın. Üstünlüklər çoxdur.
"Qarabağ" bu qədər qol epizodu yaradır, bu qədər qollar vurur. Özünüz də hücumçu olmusuz. Kənardan baxanda belə fikir yaranır ki, kaş, bu komandada özüm oynayardım?
- Heç, ağlımdan zərrə qədər də keçməyib. Mən oynasaydım, bu komanda olmayacaqdı (gülür).
Ardıcıl 11-ci dəfə avrokuboklarda qruplarda oynayacaqsız. Bu, sizin üçün nə deməkdir?
- Məsuliyyətimiz daha da çoxalır. Azarkeşlərin istəyi, tələbi daha da çoxalır. Tək mən yox, klub və futbolçular olaraq hamımız bunu dərk etməliyik. Bunu qoruyub-saxlamaq üçün nə etməliyik? Bir cavabı var, o da çox çalışmaq. Qarşıya qoyulan minimum məqsədə çatdıq. Amma azarkeşlər bundan razıdır? Yox. Özümüz də yox. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere olacaq. Bu təyinata münasibətiniz necədir? Əcnəbinin HK-nin sədri olması yaxşıdır?
- İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Ölkədə yox idim. Fayda verəcək, ya verməyəcək, deyə bilmərəm. Hamımız üçün yeni simadır. Çox istəyərdim ki, bizim azərbaycanlılar orada olsun. Əgər belə qərar qəbul olunubsa, hansısa nüanslara görə olunub. Yaxın vaxtlarda orada da öz hakimlərimizi yetişdirmək lazımdır. Bir az fərqli mövqelərdir. Hakimlik və HK-nin sədri... Bəlkə də sədr olaraq, rəhbərliyə kadr tapmaq çətin oldu. Amma hər bir rəhbəri hazırlamaq üçün vaxt lazımdır. Dərindən düşünmək lazımdır ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olacaq... Bir ildən, iki ildən sonra... Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun. Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdır. Yeni gələnə də uğurlar arzulayıram. Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən narazılıq çox olanda hakimlər də oyunu sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də, yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli yenə yaxşı ola bilər, inanıram ki, olacaq da.
Ardıcıl 11-ci dəfə qruplara düşməyiniz sizə heyəti qorumaqda çətinlik yaradır. Transfer etmək üçün xeyir verir, yoxsa əksinə?
- Buna normal baxıram. Hansı komandada uğur varsa, hansı futbolçu uğur qazanırsa, ona maraq çoxalır. Təcrübəmiz daha da çoxalır. Avropa arenasında daha da çox tanınırıq. Sırf komanda kimi yox, funksionerlərimiz digər klublarla təmasda olurlar, ünsiyyətləri olur. Bizim öz yerli kadrlarımızın, klub rəhbərliyində olan şəxslərin dünya görüşünün, futbolun inkişafının, həm də transfer mərhələsində daha da təcrübəli olmasına gətirib çıxarır. Əlimizdə şansımız varsa, heyətimizi maksimum qoryub-saxlamalıyıq. Hər il müəyyən müddət var. Ən çox vaxt ayırdığımız sahələrdən biri transferlərdir. Oyunçuları izləyirik. Amma elə olub ki, 4-5 transfer birdən etmişik, bəzən olub ki, heç etməmişik. Normal prosesdir. Çətinlik olsa da, futbolçularımızı qorumağa çalışırıq. Bu komanda 4-5 illik komanda deyil. 3-4 ildən bir komandada kiçik problem olduğu vaxtlar olur. Bizdə bu günə kimi 80-90 faiz pis alınmayıb. Hər bir futbolçu fikirləşmir ki, Avropada şansımız böyükdür. İlk olaraq çempionatımıza baxırlar. Premyer Liqamız real olaraq, Avropadakı çempionatlardan aşağıdır.