Cücəni mayda sayacağıq - RƏY
Azərbaycanda 2023/2024-cü illərin peşəkar futbol mövsümünə həftəsonu start verildi.
5-i bölgə təmsilçisi olmaqla, uzun marafonda iştirak edəcək 10 komandanın qət edəcəyi yolun əvvəlkindən daha gərgin, daha maraqlı olacağını proqnozlaşdıranlar çoxdur.
Bu iddia ilə çıxış edənləri haqlı saymaq olar. Yanlış xatırlamıramsa, son 10 ilin ən aktiv futbol dövrünə keçid almışıq. Yeni liqaların yaradılması və bu minvalla iştirakçı sayının xeyli artırılması, Azərbaycan klublarının transfer bazarındakı ciddi fəallığı və.s. bu kimi məqamlar gələcəyə nikbin baxmağa əsas verə bilər.
Yalnız 3 futbolçu ilə güclənən son çempion "Qarabağ" istisna, qalan 9 klubun hər biri heyətinə kifayət qədər oyunçu cəlb edib və proses davam edir. Təbii, nəticələrinin necə olacağını yalnız 2024-cü ilin mayında, bəlkə də bir az tez görəcəyik.
İndi görünən budur ki, bizi doğrudan maraqlı futbol mövsümü gözləyir.
Elə ilk turda qeydə alınan nəticələr də belə düşünməyə əsas verir. Lakin bəzi istisnalarla. Yəni, startda qalib gələn komandaların, yaxud məğlubların çıxışlarını qiymətləndirmək üçün, fikrimizcə, azı 10 tur keçməlidir. Bundan sonra müəyyən mülahizələr söyləyə bilərik.
Əvvəla, komandalar tam olaraq komplektləşməyiblər, hlə də heyətə əl gəzdirənlər var. Digər tərəfdən, baş məşqçilərin tətbiq etmək istədikləri taktiki-texniki sistem, oyun planının oturması üçün mütləq vaxt lazımdır. Bu, 1 oyunla həll ediləcək məsələ deyil.
Başqa bir tərəfdən - çox sayda legioner Azərbaycana yeni gəlib və böyük əksəriyyəti hələlik ölkəmizə-klubuna adaptasiya olmaqla, bəzi mental məqamlara uyğunlaşmaqla məşğuldur. Və bu kimi üzdə bir çox xırda, amma əslində dərinlikdə ciddi məqamlar mövcuddur.
Odur ki, konkret olaraq ilk turda, məsələn, "Zirə"nin "Qarabağ"ı udması, "Sabah"ın "Qəbələ"yə 5 cavabsız top vurması və yaxud son 2 ayda 10-dan çox futbolçu transfer edən "Səbail"in, "Araz-Naxçıvan"ın böyük hesablarla məğlubiyyəti realist futbol bilicilərinin fikrini yayındıra, dəyişdirə bilməz.
Ənənəvi, şablon, standart deyim - Cücəni payızda sayarlar. Biz may deyək və gözləyək.
Elvin ƏHƏD